Xroniki qastrit

02 Mart 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 830
Xroniki qastrit foto 1
4.2/5 - (9 votes)

Qastrit – mədənin iltihabi xəstəliyidir. Onun kəskin və xroniki formaları vardır. Xroniki qastrit üçün mədənin daxili səthindəki iltihabın müntəzəm qaydada baş verməsi xarakterikdir. Bu zaman əlamətlər uzunmüddətli olur.  

Xroniki qastrit hansı səbəblərdən yaranır?

Mədədə qastritin yaranma səbəbləri 2 qrupa bölünür: infeksion və qeyri-infeksion. İnfeksion amillərə aşağıdakılar aiddir:

  • Helicobacter pylori. Dünya əhalisinin 50%-də bu bakteriyaya rast gəlinir. Helikobakter xroniki qastrit ilə yanaşı, mədə xorası və orqanda xərçəngin inkişafına gətirib çıxara bilir; 
  • Parazitar infeksiyalar; 
  • Ağır infeksion xəstəliklər (məsələn, vərəm).

Qeyri-infeksion səbəblər:

  • Kron xəstəliyi; 
  • Autoimmun patologiyalar;
  • Bəzi dərman vasitələrinin (aspirin, ibuprofen, naproksen) qəbulu;
  • Bağırsaq reflüksü (öd qarışıqlı bağırsaq möhtəviyyatının mədəyə atılması);
  • Spirtli içkilərin həddindən artıq qəbulu.

Xroniki qastrit foto 2

Xroniki qastrit hansı əlamətlərlə özünü büruzə verir? 

Mədə qastriti əlamətləri 5 qrupa bölünür: 

  1. Ağrı. Xroniki qastrit zamanı mədə ağrısı vaxtaşırı meydana çıxır. Əksər hallarda ağrı tez keçib gedir, tibbi yardım tələb olunmur. Qastritin xroniki formasında ağrı bəzən kürək və sinə nahiyəsinə yayılır. 
  2. Ürəkbulanma, qusma. Qusuntu kütlələri şəffaf, eləcə də sarı, yaşıl rəngdə olur. Qusduqda qan müşahidə edilərsə, dərhal qastroenteroloqa müraciət olunmalıdır.   
  3. Köp. Ağrı ilə bərabər qarında köpün yaranması mədə infeksiyasından xəbər verir. 
  4. İştahsızlıq, tez doyma. Xəstələrdə kəskin şəkildə çəki itkisi baş verir.
  5. Nəcisin rənginin dəyişməsi. Nəcisin tündləşməsi, qara rəng alması orada qanın olmasına işarədir. Bu əlamətlə qarşılaşdıqda vaxt itirmədən həkimlə əlaqə saxlanılmalıdır.  

Xroniki qastrit foto 3

Xroniki qastrit necə üzə çıxarılır? 

Həkim xəstəni müayinə etməzdən əvvəl ilk növbədə ağrının nə zaman (müəyyən qidaların və ya dərman vasitələrinin qəbulundan sonra) yarandığını dəqiqləşdirir. Ağrı ilə yanaşı, mədə qıcqırması, yanması, gəyirmə hallarının olması barədə məlumat toplayır.  

Xroniki qastritin diaqnostikasında qastroskopiya xüsusi yer tutur. Onun köməyilə həkim mədənin daxili qişasını müayinə edir. Helicobacter pylori mədə şirəsi və ya qan analizi ilə yoxlanılır. 

Xroniki qastrit müalicə olunmazsa, nə baş verər? 

Əksər insanlar qastritə laqeyd yanaşırlar. Bu isə düzgün deyil. Çünki müalicə aparılmadıqda xora və mədə qanaxması baş verə bilər. Yaşlı şəxslərdə və ya mədənin selikli qişasının nazik olduğu insanlarda bu orqanda bədxassəli şişin yaranma ehtimalı yüksəlir.  

Xroniki qastrit foto 4

Xroniki qastrit necə müalicə olunur?

Müalicə qastriti yaradan səbəbin və əlamətlərin aradan qaldırılmasına yönəldilir. Dərman vasitələri ilə yanaşı pəhriz rejimi təyin olunur. Qastriti törədən amillərdən asılı olaraq, aşağıdakı qrup mədə dərmanları məsləhət görülür:

  • Antibiotiklər. Helicobacter pylori mənşəli qastritdə antibiotiklər kombinəolunmuş şəkildə (klaritromisin, amoksisillin, mentonidazol) tətbiq edildikdə nəticə müsbət olur. Müalicə kursi 1-2 həftə təşkil edir.
  • Mədədə turşuluq səviyyəsini tənzimləyən dərmanlar. Bu qrupa proton pompa inhibitorları (omeprazol, lansoprazol, rabeprazol, pantoprazol), həmçinin H2-blokatorlar (ranitidin, famotidin) aiddir.
  • Antasidlər. Kəskinləşmə dövründə həkim xəstəyə antasid vasitələr (Almagel, Renni, Qastal və s.) qəbul etməyi tövsiyə edir. Onlar mədədə turşuluğu neytrallaşdırır, ağrını kəsirlər. 

Xroniki qastrit foto 5

Xroniki qastrit zamanı qidalanma rejimi  

Müalicə müddətində qidalanma tərzi normaya salınmazsa, nəticə arzu etdiyiniz kimi olmayacaq. Bir neçə sadə qaydaya əməl etməklə, residiv hallarını (xəstəliyin baş qaldırması) minimuma sala bilərsiniz: 

  • Tez-tez, lakin kiçik porsiyalarla qidalanın;
  • Qidanı yaxşı çeynəyib, sonra udun; 
  • Gün ərzində 6-8 stəkan su qəbul edin;
  • Sonuncu qida qəbulu ilə yuxu arasında 2-3 saat fasilə verin;
  • Mədəni zədələyən qidalardan (yağlı, qızardılmış, acı ədəvalı, quru yeməklərdən) imtina edin;
  • Suda və ya buxarda bişirilmiş məhsullara üstünlük verin; 
  • Xörəyin həddindən artıq isti və əksinə, soyuq olmamasına fikir verin. 

Yadda saxlayın ki, təkcə xroniki qastrit deyil, istənilən bir xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Bu səbəbdən vaxtaşırı müayinələrdən keçməyiniz tövsiyə olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (9 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir