Qastrit

11 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1262
Qastrit foto 6
3/5 - (3 votes)

Qastrit – mədənin selikli qişasının iltihabi xəstəliyidir. Ona böyüklərlə yanaşı uşaqlarda da rast gəlinir. Dünya əhalisinin 60-85%-i, xüsusən 18-35 yaşlı insanlar qastritin xroniki formasından əziyyət çəkirlər.  

Qastrit hansı səbəblərdən yaranır? 

Mütəxəssislərin araşdırmalarına əsasən 80% hallarda bu xəstəliyə Helicobacter pylori bakteriyası səbəb olur. Bakteriya selikli qişa ilə təmasda olduqda iltihab törədən xüsusi maddə ifraz etməyə başlayır. Helicobacter pylori yuyulmamış meyvə və tərəvəzlərdən insana keçə bilər. Həmçinin şəxsi gigiyena qaydalarına əməl etmədikdə və ya keyfiyyətsiz məhsullardan (süd və ət) zəhərləndikdə yoluxma baş verə bilər.  

Qastrit foto 2

Qastritin digər səbəblərinə aşağıdakılar aiddir:  

  • qeyri-düzgün qidalanma: yağlı, qızardılmış, istiotlu, rafinəolunmuş xörəklərin həddindən artıq qəbulu;
  • bəzi dərman preparatlarının həddindən artıq qəbulu;  
  • qurd invaziyaları;  
  • stress vəziyyətləri və s.

Qastrit hansı formalara bölünür?

Xəstəliyin 2 forması vardır:  

  • qıcıqlandırıcılar fonunda qəfil yaranan kəskin forma;
  • qeyri-düzgün qidalanma rasionu və həyat tərzi ilə əlaqədar tədricən yaranan xroniki forma.  

Faktorlardan asılı olaraq, eroziv, biliar, hipertrofik və atrofik formalar qeydə alınır. Kəskin qastrit irinli, nekrotik, difterik və sadə növlərə bölünür. Mədə turşuluğuna əsasən 2 forma ayırd edilir:

  • yüksək turşuluqlu qastrit;
  • aşağı turşuluqlu qastrit.

Qastrit foto 1

Qastrit hansı əlamətlərlə özünü büruzə verir?

Xəstəliyin kəskin forması çox zaman qida zəhərlənməsindən sonra yaranır. Mədə ağrısı kəskin xarakterli olur. Mədənin selikli qişasını qıcıqlandıran qidaların qəbulu ağrını gücləndirir. Mədədə qastritin əsas əlamətlərinə qıcqırma, gəyirmə, yanğı hissi, qarında köp, ağız suyunun artması, qusma aiddir.  

Xroniki qastrit tədricən inkişaf edir. Bu patologiyada xarakterik iyli gəyirmə, daimi qıcqırma, iştahsızlıq, qəbizlik və ya ishal, dildə ərp yaranır.  

Ümumilikdə mədə qastritinin əlamətləri onun formasından asılı olaraq dəyişir.   

Qastrit foto 4

Qastrit müalicə olunmadıqda nə baş verir?

Xroniki qastrit zamanı xəstə qastroenteroloqa müraciət etmədikdə atrofik formanın, xora və şişlərin yaranma ehtimalı yüksəlir.  

Qidalanma normalarına riayət olunmadıqda da fəsadların baş vermə riski artır. Ev şəraitində özbaşına mədə dərmanları qəbul etmək olmaz. Çünki bu xəstəliyin kəskinləşməsinə gətirib çıxarır.

Qastrit necə müalicə olunur?  

Xəstə mədə həkiminin qəbuluna gəldikdə ilk növbədə onun şikayətləri dinlənilir. Mədə ağrısının səbəblərini üzə çıxarmaq adətən qastroskopiya və ultrasəs müayinəsi təyin olunur. 

Qastritin formasına və pasiyentin vəziyyətinə əsasən müalicə sxemi tərtib edilir. Xroniki qastrit zamanı müalicənin əsasını düzgün qidalanma rejimi və sağlam həyat tərzi təşkil edir. Pasiyentlərə qazlı və spirtli içkilərdən, siqaretdən imtina etmək, piylənmə zamanı çəkini azaltmaq, kiçik porsiyalarla tez-tez qidalanmaq məsləhət görülür. 

Qastrit foto 5

 Mədə iltihabının ilkin əlamətlərində aşağıdakı preparatlar qəbul edulir: 

  • Prokinetiklər (yeməyin qida borusundan mədəyə, sonra isə onikibarmaq bağırsağa keçməsini sürətləndirir) –  Domperidon (Motilak, Motilium), İtoprid (Qanaton)
  • Antisekretor preparatlar (mədədə xlorid turşusunun ifrazını azaldır) – proton pompanın inhibitorları (Omeprazol, Pantoprazol, Ezomeprazol, Rabeprazol) 
  • Antasidlər (Fosfolügel, Almagel, Geviskon)

Analizlərdə H.pylory aşkarlandıqda müalicə sxeminə antibiotiklər əlavə olunur. Qastritin müalicəsinə erkən mərhələrdə başlayın ki, xəstəlik xora, mədə qanaxması və digər ciddi fəsadlarla sonlanmasın. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3/5 - (3 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir