Öd xəstəlikləri

Gün ərzində qaraciyərdə 1-2 litrə yaxın öd əmələ gəlir. Onun toplandığı öd kisəsi öz funksiyasını normal qaydada yerinə yetirdikdə bu orqanla bağlı heç bir narahatlıq yaranmır. Əks halda müəyyən problemlər meydana çıxır. Öd xəstəlikləri sağ qabırğa altında güclü ağrılarla müşayiət olunur. Çünki armuda bənzər öd kisəsi məhz burada – qaraciyərin altında yerləşir. 

Ən çox rast gəlinən öd xəstəlikləri  

Öd yollarının diskineziyası 

Öd axacaqlarının yığılma qabiliyyətinin pozulması nəticəsində əmələ gəlir. Normada öd kisəsi və axacaqlar üzlaşmış ritmlə işləyərək, ödün hərəkətini təmin edirlər. Bu prosesdən kənaraçıxmalar olduqda diskineziya yaranır. Onun səbəblərinə stress, psixi travma, nevroz, infeksiya, qarın boşluğu orqanlarının xəstəlikləri (qastrit, kolit, xora), hormonal pozğunluqları misal göstərmək olar. Öd yollarının əzələ zəifliyi həmçinin oturaq həyat tərzi, qeyri-düzgün qidalanma ilə bağlıdır.  

Diskineziyanın başlıca əlaməti sağ epiqastral nahiyədə (qarnın yuxarı hissəsində) formalaşan kəskin ağrıdır. Tutmalara adətən intensiv fiziki yüklənmə, həyəcan, pəhrizin pozulması zamanı rast gəlinir.

Öd xəstəlikləri foto 1  

Öd xəstəlikləri – Öd daşı  

Diskineziyanın ən ağır fəsadlarındandır. Əzələlər düzgün yığılmadıqda, xolesterin normadan artıq olduqda qatılaşmış öddən daşlar əmələ gəlir. Onlar öd kisəsində hərəkətsiz qaldıqda heç bir əlamət meydana çıxmır. Daşlar tərpəndikdə, öd axacağını tutduqda problemlər başlanır.  

Tutma zamanı sağ qabırğaaltında və ya qarnın yuxarı hissəsində kəskin ağrı, ağızda acılıq, ürəkbulanma və qusma baş verir. Axacaq daşla tutulduqda sarılıq yaranır. 

Xəstəliyin inkişafına həddindən artıq yağlı qidalar, un məmulatları səbəb olur. Şəkərli diabet, böyrək daşı xəstəliyi, piylənmə, ateroskleroz, artrit öd daşı xəstəliyinin baş vermə ehtimalını artırır. 

Öd xəstəlikləri foto 2

Öd xəstəlikləri – Xolesistit

Öd kisəsinin iltihabıdır. Bu patologiya öd daşı xəstəliyinin fəsadı sayılır. Kiçik ölçülü daş axacaqdan onikibarmaq bağırsağa keçə bildikdə, tutmalar öz-özünə kəsilir. Daş iri olduqda öd yollarını tutduğundan iltihab əmələ gəlir. Xolesistit üçün güclü ağrı, qusma və yüksək hərarət xarakterikdir. Belə əlamətlərlə qarşılaşdıqda mütləq təcili yardım çağırılmalıdır. 

Xolesistin inkişafında təkcə daşlar deyil, yağlı və acı qidaların rasionda üstünlük təşkil etməsi də böyük rol oynayır. Xroniki xolesistit zamanı öd kisəsi nahiyəsində küt ağrı müşahidə olunur. Ağrı kürəyə, boyun və başın arxa hissəsinə yayıla bilir. Bir sıra hallarda ağızda metal dadı, gəyirmə, qarında köp, ürəkbulanma olur. 

Öd xəstəlikləri foto 3

Öd xəstəliyi necə müəyyən edilir? 

Öd xəstəliyinin əlamətləri ilə qastroenteroloqa müraciət edilməlidir. Həkim pasiyentin şikayətlərini dinlədikdən sonra onu aşağıdakı müayinələrə yönləndirir: 

  • qaraciyər və mədəaltı vəzin USM
  • qanın biokimyəvi, klinik analizi. Bu üsullar mədəaltı vəz və qaraciyərin fəaliyyətindən, iltihabi proseslərdən xəbər verir.  
  • koproqramma. Bağırsaqda yağ, zülal və karbohidratların mənimsənilməsini müəyyən edir. 

Bu müayinə metodları öd xəstəlikləri zamanı informativ sayılır. Onların nəticələrinə əsasən müalicə sxemi tərtib edilir. 

Öd xəstəlikləri foto 4

Öd xəstəlikləri hansı üsulla müalicə olunur?

Müalicə dərman preparatları və pəhrizlə aparılır. Xəstələrə №5 pəhriz məsləhət görülür. Rasiondan qızardılmış, yağlı qidalar, qazlı və spirtli içkilər çıxarılır. Pəhrizin məqsədi öd kisəsi və axacaqların yüklənməsini azaltmaqdan ibarətdir. Gün ərzində kiçik porsiyalarla 4-6 dəfə qidalanmaq tövsiyə olunur. Bununla yanaşı həkim ödqovucu preparatlar, spazmolitiklər, geniş təsir spektrli antibiotiklər təyin edir. 

Ağır hallarda cərrahi əməliyyat (drenaj, stentlənmə və s.) göstərişdir.  

Öd xəstəlikləri foto 5

Öd xəstəlikləri – profilaktik tədbirlər   

  • gündə 4-5 dəfə, az porsiyalarla, eyni vaxtda qidalanın;
  • qarnı sıxan geyimlərdən (korset, dar şalvar və s.) imtina edin;
  • qida qəbulundan ən azı 2 saat keçdikdən sonra yatın; 
  • rasionunuzdan qazlı içkilər,duzlu, hisə verilmiş, yağlı yeməklər, şorabaları çıxarın; 
  • yatağın baş hissəsini 3-4 sm hündürə qaldırın. 

Bu tədbirlər öd daşı xəstəlikləri ilə qarşılaşma ehtimalını müəyyən qədər azaldır.