Mədə xəstəlikləri

Mədə xəstəlikləri epiqastral nahiyədə (qarnın yuxarı hissəsində) ağrı, qıcqırma, gəyirmə ilə özünü büruzə verir. Mədə ağrısı əsasən qida qəbulu ilə bağlı olur, bəzən isə acqarnına yaranır. Yemək yedikdən dərhal sonra mədədə ağırlıq, yanma hissi əmələ gəlir. Ağrı çox kəskin olduqda qusma baş verir və insan xeyli rahatlaşır.

Mədə xəstəlikləri arasında xroniki qastrit, eroziya, xora xəstəliyi geniş yayılmışdır. 

Mədə xəstəlikləri – qastrit

Qastrit – mədənin selikli qişasının iltihabıdır. Onun xroniki forması illərlə davam edir. Əlamətlər gah kəskinləşir, gah da zəifləyir. Xroniki qastrit təhlükəli patologiya sayılır. Çünki o, daha ağır formalı mədə xəstəlikləri – xora, polip, hətta şişlərlə nəticələnə bilir.  

Qastritin 2 əsas forması ayırd edilir: məhdud və yayılmış. Məhdud forma mədənin çıxış hissəsində yaşayan xüsusi bakteriyalar tərəfindən törədilir. Həmçinin spirtli içkilər, ədəvalı xörəklər mədənin selikli qişasını qıcıqlandırmaqla, qastritə səbəb olur. Müalicə gecikdirildikdə xora xəstəliyi inkişaf edir. 

Mədə xəstəlikləri foto 1

Mədə xəstəlikləri arasında çox rast gəlinən qastritin yayılmış formasında güclü ağrılar olmur. Kəskinləşmə dövründə sadəcə mədədə ağırlıq hissi və gəyirmə yaranır. Belə xəstələrdə mədə şirəsi get-gedə azalır, həzm prosesi pozulur. Həmçinin mədədə gedən iltihabi proseslər polip və şişlərlə sonlana bilir.  

Xroniki qastrit ciddi xəstəlik olduğundan pasiyentlər müntəzəm qaydada qastroenteroloqun müayinəsindən keçməlidir. Müalicə məqsədilə xəstələrə mədə dərmanları və pəhriz təyin olunur. Dietik sup, süd məhsulları, yumurta soyutması, yağsız ət, toyuq, balıq, şirin meyvələr məsləhət görülür. 

Mədə xəstəlikləri foto 2

Mədə xəstəlikləri – xora  

Xora xəstəliyi – mədənin selikli qişasının defektləri (xoraları) ilə xarakterizə olunur. Bu patologiya uzunmüddətli olub, payız və yaz aylarında kəskinləşir.  

Xəstəliyin əsas risk amili irsi meyllikdir. Digər amillərə psixoemosional pozğunluq, 0(I) qan qrupu, gərgin iş rejimi, siqaret və spirtli içkilərdən istifadə aiddir.  

Xoranın başlıca əlaməti orta və zəif intensivlikli mədə ağrısıdır. Ağrıya qida qəbulu ilə əlaqəli və ritmik olur. Yəni hər bir xəstədə ağrı yeməkdən sonra eyni vaxtda yaranır. Xora üçün acqarnına ağrılar xarakterikdir. Xəstələrdə gəyirmə, qıcqırma, qəbizlik, kəskin ağrı fonunda qusma müşahidə olunur. Qusma insana rahatlıq gətirir.  

Mədə xəstəlikləri foto 3

Hazırda qastroskopiya ilə xoranı vaxtında aşkar etmək mümkündür. Xəstəliyin erkən diaqnostikası və müalicəsi ağır fəsadların yaranma ehtimalını minimuma endirir.  

Əks halda xora iltihablaşaraq, qarın boşluğuna açıla bilir. Qan damarlarının zədələnməsi güclü mədə qanaxmasına səbəb olur. Gələcəkdə xoranın bədxassəli şişə çevrilmə ehtimalı yüksəlir. 

Kəskinləşmə dövründə kompleks müalicə (antibiotiklər, mədə şirəsinin aktivliyini azaldan antisekretor preparatlar) təyin olunur. Xora adətən 4-6 həftəyə sağalır. 

Bəzi insanlar mədə ağrısı üçün bitkilərdən istifadə edirlər. Xalq təbabəti üsullarına başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. 

Residivlərin (xəstəliyin geri qayıtması) baş verməməsi üçün xəstəliyin minimal əlamətlərinə rast gəlindikdə 2-3 gün ərzində antisekretor preparatlar (omeprazol, ranitidin, famotidin) tam sutkalıq dozada qəbul edilməlidir. Sonrakı 2 həftə müddətində yarım dozada içilməlidir. Dərman müalicəsi effekt vermədikdə qastroenteroloqla əlaqə saxlayın. 

Mədə xəstəlikləri foto 4

Mədə xəstəlikləri – eroziya

Qastroskopiya olunan pasiyentlərin əksəriyyətində mədədə eroziya aşkarlanır. Eroziya – selikli qişanın məhdud defekti olub, səthi xarakter daşıyır. Xoradan fərqli olaraq, çapıqsız sağalır. Eroziya çox zaman digər mədə xəstəlikləri ilə birgə inkişaf edir.  

Eroziyanın səbəbləri 2 qrupa bölünür: daxili və xarici. Daxili səbəblərə ağır infeksiyalar, yanıqlar, travmalar, əməliyyatlar aiddir. Xarici faktorlara isə helikobakter pilori, dərman preparatları, alkoqol və s. misal göstərmək olar. Eroziyanın formalaşmasında mədənin selikli qişasının müqavimətinin azalması xüsusi rol oynayır.   

Eroziya uzun müddət gizli gedə bilir. Bəzən isə ciddi əlamətlər: ağrı, mədə qanaxması baş verir.

Mədə xəstəlikləri foto 5

Xəstələrin çox hissəsində mədə şirəsinin turşuluğu artır. Müalicə xəstəliyin səbəbinin aradan qaldırılmasından ibarətdir. Müayinə prosesində helokobakter pilori aşkar edildikdə, ona qarşı antibiotiklər tətbiq edilir. Bundan əlavə müasir antisekretor vasitələrdən (ranitidin, famotidin, omeprazol), antasidlərdən və sitoprotektiv təsirli mizoprostol və ya sukralfatdan istifadə edilir. Müalicəvi bitkilərdən biyan kökü effektiv sayılır.  

Mədə xəstəlikləri nə qədər tez üzə çıxarılarsa, müalicə prosesi bir o qədər effektiv olar.