Mədə yanması

13 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1101
Mədə yanması foto 1
3/5 - (2 votes)

Mədədə yaranan narahatları xəstələr fərqli şəkildə, məsələn, ağrı, diskomfort, yanğı hissi, spazm, ağırlıq kimi xarakterizə edirlər. Bu əslində insanın ağrıya dözümlülüyü və mədədə gedən patoloji prosesin xarakterindən asılıdır. 

Bir sıra hallarda mədə yanması kimi izah olunan əlamət meydana çıxır. Onun səbəbləri ilə tanış olaq.  

Qastrit zamanı mədə yanması

Qastritin etiologiyası müxtəlifdir. Onun kəskin və ya xroniki formaları vardır. Dünyada demək olar ki, hər 2-ci insan qastritdən əziyyət çəkir.  

Çox zaman xəstəlik simptomsuz gedir. Mədənin yanması daha çox hiperasid (yüksək turşuluqlu) qastrit üçün xarakterikdir. Xlorid turşusunun həddindən artıq ifrazı mədənin selikli qişanın iltihablaşmasına səbəb olur.  

Bu tip qastritdə ağrılar mədə xorasını xatırladır: acqarnına yaranır, gecə saatlarında da baş verə bilir. Qida qəbulundan sonra ağrı azalır və ya tamamən keçib gedir. Mədə ağrısı ilə yanaşı qıcqırma, turş möhtəviyyatlı gəyirmə, qəbizlik olur.  

Mədə yanması foto 2

Stress səbəbindən mədə yanması 

Emosional gərginlik zamanı əksər hallarda mədədə yanğı hissi əmələ gəlir. Bu əlamət mədə şirəsinin turşuluğunun dəyişməsi ilə bağlıdır.  

Həmçinin stress zamanı ifraz olunan hormonlar – qlükokortikosteroidlər mədənin selikli qişasında eroziyanın formalaşmasına gətirib çıxarır. Tez-tez həyəcan keçirən şəxslərdə bəzən stress mənşəli xoralar aşkarlanır.

Mədə yanması foto 3

Dərman preparatlarının törətdiyi mədə yanması

Bir çox dərmanların yanaşı təsiri qismində mədənin yanması baş verir. Oynaq, əzələ, baş, kürək ağrılarında təyin olunan qeyri-steroid iltihabəleyhinə vasitələr (məsələn, diklofenak) güclü ulserogen (mədənin selikli qişasını zədələyən) təsirə malikdir. Ona görə də bu preparatları qəbul etməzdən əvvəl mütləq qastroenteroloqla məsləhətləşmək lazımdır. 

Mədə yanması foto 4

Qastro-duodenal reflüks səbəbindən mədə yanması

Reflüks onikibarmaq bağırsaqdan ödün mədəyə atılması ilə müşahidə olunur. Patologiya öddə durğunluq, öd daşı xəstəliyi, mədəaltı vəzin patologiyalarında inkişaf edir. 

Öd mədəyə düşdükdə xlorid turşusunun ifrazı çoxalır, nəticədə turşuluq artır, selikli qişa qıcıqlanır və iltihablaşır. Bu proseslərlə əlaqədar mədədə yanğı hissi formalaşır.  

Mədə yanması foto 5

Mədə yanması ilə müşayiət olunan növbəti səbəb 

Mədənin funksional pozğunluqları adətən qeyri-düzgün qidalanma ilə bağlıdır. Məsələn, normadan artıq yemək, xüsusən də gecə saatlarında ağır qidaların qəbulu, ərzaqların bir-birilə uzlaşmaması, spirtli içkilər mədədə narahatlıq törədir.

Digər fizioloji səbəb hamiləlik dövrüdür. Hamiləlikdə mədə yanması erkən dövrlərdə hormonal dəyişikliklər, sonrakı mərhələlərdə isə böyüyən uşaqlığın daxili orqanları sıxması ilə bağlıdır.

Mədə yanması foto 6

Siqaret şəkənlərdə mədə yanması

Əksər insanların fikrincə siqaret təkcə tənəffüs orqanlarına ziyan verir. Əslində onun mənfi təsiri həm də mədəyə yayılır. Siqaret çəkən şəxslərdə mədədə şirə ifrazı pozulur, epiqastral nahiyədə (qarnın yuxarı hissəsində, yəni göbəkdən yuxarıda) yanğı hissi, spazm yaranır.  

Mədə yanması daha hansı səbəblərdən baş verir?  

  • mədənin, eləcə də bağırsağın infeksiyaları;
  • xora xəstəliyi;
  • diafraqmanın yırtığı;
  • poliplər;
  • bədxassəli şişlər.

Mədə yanması foto 7

Mədə yanmasının səbəbləri müxtəlif olduğundan evdə özbaşına dərman qəbul etmək olmaz. Mütləq mədə həkimi tərəfindən müayinə aparılmalı və yalnız bundan sonra müalicəyə başlanılmalıdır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3/5 - (2 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir