Bağırsaq xəstəlikləri

Statistik məlumatlara əsasən dünya əhalisinin 90%-i mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkir. Həzm traktında gedən patoloji proseslərin əksəriyyəyi məhz bağırsaqla bağlıdır. Bağırsaq həyati vacib funksiyaları yerinə yetirir. Burada qida ilə qəbul olunan faydalı maddələr qana sorulur, toksinlər orqanizmdən xaric edilir. Bağırsaq xəstəlikləri bu proseslərin pozulması ilə müşayiət olunur. Nəticədə sağlamlığa ciddi ziyan dəyir.

Bağırsaq xəstəlikləri hansı səbəblərdən yaranır? 

  • irsi meyllik
  • həzm sisteminin digər xəstəlikləri (qastrit, pankreatit)
  • bəzi dərman vasitələrinin (məsələn, antibiotiklərin nizamsız qəbulu)
  • qeyri-düzgün qidalanma (yağlı, qızardılmış, duzlu, acı yeməklər, yarımfabrikatlar) 
  • vitamin və mineral çatışmazlığı
  • artıq çəki və azhərəkətlilik
  • stress amilləri

Bağırsaq xəstəlikləri foto 1

Bağırsaq xəstəlikləri necə təzahür edir? 

Bağırsaqda gedən patoloji proseslər adətən qarın ağrısı və nəcis ifrazının pozulması (ishal, qəbizlik və ya onların növbələnməsi) ilə özünü büruzə verir. Həmçinin xəstələrdə qarında köp, iştah pozğunluğu, nəcisdə selik və qan, çəkinin azalması müşahidə olunur. 

Xəstəlikdən asılı olaraq, ağrının xarakteri dəyişir. Məsələn, nazik bağırsağın patologiyalarında göbək ətrafında dartıcı, güclü ağrılar yaranır. Yoğun bağırsaq xəstəliklərində isə ağrı küt olur, nəcis və qaz ifrazından sonra zəifləyir, hətta bəzən itir.

Nəcis ifrazı gün ərzində 3-4 dəfədən çox baş verdikdə bu vəziyyət ishal kimi qiymətləndirilir. Nazik bağırsağın patologiyalarında nəcis duru konsistensiyalı, köpüklü olur. Orada həzm olunmamış qida qalıqları izlənilir. Yoğun bağırsaq xəstəlikləri üçün duru nəcis xarakterik deyil. İfrazatlar az miqdarda, bəzən qan və selik qarışıqlı olur.  

Qəbizlik adətən yoğun bağırsaq xəstəliklərinin əlaməti sayılır. Bu hər zaman bağırsaqda gedən dəyişikliklərlə əlaqəli olmur. Sağlam insanlarda qidalanma pozğunluğu, oturaq həyat tərzi, bəzi preparatların yanaşı effekti kimi qəbizlik meydana çıxa bilər. 

Bağırsaq xəstəlikləri foto 2

Ən çox rast gəlinən bağırsaq xəstəlikləri 

Enterit

Nazik bağırsağın selikli qişasının iltihabı olub, kəskin və xroniki formalara bölünür. Kəskin enteritin əlamətlərinə qida zəhərlənmələri, bəzi infeksion xəstəliklər (qarın yatalağı, «bağırsaq qripi» və s.) təsadüf olunur. Kəskin forma ishal, qusma, göbəkətrafı nahiyədə ağrı ilə başlayır. Zamanla simptomlara qızdırma, halsızlıq, baş ağrıları da qoşulur. Xroniki enteritin inkişafı üçün uzun müddət tələb olunur. Əksər hallarda qastrit fonunda yaranır. Xəstəlik göbək ətrafında küt ağrılar, köp, qurultu ilə gedir. Ağır formalarda ishal sutka ərzində 20 dəfə təkrarlanır. 

Bağırsaq xəstəlikləri foto 3

Bağırsaq xəstəlikləri – Kolit  

Yoğun bağırsağın selikli qişasının iltihabıdır. Kəskin forma əsasən infeksion (dizenteriya) mənşəli olur. Onun əlamətlərinə qarında sancışəkilli ağrı, selik və ya qanlı  nəcis, halsızlıq aiddir. Xroniki qeyri-infeksion kolit adətən qastrit, enterit və ya pankreatitin ağırlaşması hesab olunur. Xəstəlik qarnın sağ, sol və ya aşağı hissəsində sızıltılı ağrılar, uzunmüddətli qəbizlik və ya ishal, iştahsızlıq, köplə təzahür edir.  Pasiyentlərdə tez-tez depressiya, psixoemosional pozğunluqlar qeydə alınır.

Bağırsaq xəstəlikləri foto 4

Bağırsaq xəstəlikləri – Qeyri-spesifik xoralı kolit

Ayrıca forma kimi təsnif edilir. Xəstəliyin səbəbi sona qədər müəyyən edilməmişdir. Onun genetik mənşəli olması irəli sürülür. Xoralı kolitdə ilk növbədə düz bağırsaq zədələnir. Proses uzun sürdükdə iltihab yoğun bağırsağın digər şöbələrinə də yayılır. Xəstəliyin əsas əlaməti qanaxmadır. Xoralı kolit ishal, qarnın sol tərəfində ağrılarla müşayiət olunur. 

Bağırsaq xəstəlikləri foto 5

Bağırsaq xəstəlikləri necə müalicə olunur?

Pasiyent qastroenteroloqun qəbuluna gələrkən ilk növbədə onun şikayətləri dinlənilir. Həkim əlamətləri aydınlaşdırdıqdan sonra kolonoskopiya təyin edir. Müayinənin nəticələrinə əsasən konservativ (dərman preparatları) və ya cərrahi yolla müalicə aparılır. 

Xəstəliyin ağırlaşmasını gözləmədən ilkin mərhələlərdə həkimə müraciət olunduqda müalicə çox asan başa gəlir. Odur ki, sadalanan əlamətlərlə qarşılaşdıqda dərhal mütəxəssisə müraciət edin.