Mədə-bağırsaq ağrıları

11 Mart 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 2420
Mədə bağırsaq ağrıları foto 1
4.3/5 - (12 votes)

Mədə-bağırsaq ağrıları həzm sistemi xəstəliklərinin ən çox rast gəlinən əlamətlərindəndir. Ağrı qidalanma pozğunluqları, iltihabi xəstəliklər, onların ağırlaşmaları fonunda yarana, eləcə də stress mənşəli ola bilər.

Mədə-bağırsaq ağrıları – qastrit

Qastrit – mədənin selikli qişasının iltihabı xəstəliyidir. Onun kəskin və xroniki formaları vardır. Qastritin ən başlıca əlaməti mədə ağrısı sayılır. Ağrının intensivliyi iltihabın dərəcəsindən asılıdır. Xəstələrdə yanaşı olaraq, mədə qıcqırması, gəyirmə, qəbizlik və ya əksinə ishala meyllik müşahidə edilir. 

Mədə-bağırsaq ağrıları – xora xəstəliyi və onun kəskinləşməsi

Dünya əhalisinin 5-15%-i xoradan əziyyət çəkir. Belə hallarda yeməkdən dərhal sonra və ya 1-2 saat keçdikdə ağrı meydana çıxır. Pasiyentlərin əksəriyyəti ağrı ilə bərabər, mədə yanması, qıcqırma, gəyirmədən də şikayətlənirlər. Xora müalicə olunmadıqda vəziyyət ağırlaşır. Qusuntu kütlələrində və nəcisdə qanın aşkarlanması mədənin deşilməsindən xəbər verir.  

Mədə bağırsaq ağrıları foto 5

Mədə-bağırsaq ağrıları – qıcıqlanmış bağırsaq sindromu

Əgər Sizdə qarın ağrısı varsa və yanaşı simptomlar il ərzində 3 aydan çox davam edirsə, bu böyük ehtimalla qıcıqlanmış bağırsaq sindromuna işarədir. Xəstəliyə əsasən 25-40 yaşlı şəxslərdə təsadüf edilir. Pasiyentlər arasında qadınlar üstünlük təşkil edir.

Onun yaranmasında qeyri-düzgün qidalanma (yağlı xörəklər, fast-fud, qazlı içkilər və s.), oturaq həyat tərzi, irsi meyllik, disbakterioz, stress mühüm rol oynayır. Xəstələrdə qarında köp, sancı, ishal və ya qəbizlik əmələ gəlir. Bəzən isə qəbizlik ishalla növbələnir.  

Mədə-bağırsaq ağrıları – bağırsağın iltihabi xəstəlikləri

Bu qrupun böyük hissəsini xoralı kolit təşkil edir. Onun xarakterik əlamətlərinə qarnın aşağı hissəsində ağrı, köp, ishal aiddir. Nəcisdə qan kütlələrinin tapılması bağırsağın perforasiyasına (deşilməsinə) dəlalət edir.  

Mədə bağırsaq ağrıları foto 3

Köplə bağlı mədə-bağırsaq ağrıları 

Köp qarında qazların yığılması ilə bağlıdır. Bu vəziyyət həzm prosesinin pozulması və mədə-bağırsaq xəstəlikləri fonunda yaranır. 

Bir sıra hallarda isə köp norma halı hesab edilir. Belə ki, qazlı içkilər, paxlalı bitkilər, pivə və digər qidalar qaz əmələ gətirir. Orqanizm qazı xaric edə bilmədikdə, qarın ağrısı və köplə nəticələnir. Bu da öz növbəsində ağrı törədir. Problemi həll etmək üçün qidalanma rasionunuzu dəyişməyiniz kifayətdir.

Köp müəyyən bir xəstəliyin təzahür olduqda isə ilk növbədə onu formalaşdıran əsas səbəb aradan qaldırılmalıdır.

Mədə bağırsaq ağrıları foto 4 

Mədə-bağırsaq ağrıları ilə üzləşdikdə nə etməli?

Bəzi xəstələr ağrı hiss etdikdə özbaşına dərman qəbul etməklə, rahatlaşmağa çalışırlar. Bu isə yanlış addımdır. Çünki tək ağrıkəsici içməklə yalnız müvəqqəti rahatlıq əldə olunur. Ağrının yenidən baş qaldırmaması üçün onun törədən amili üzə çıxarmaq lazımdır. Bunun üçün qastroenteroloqa müraciət olunmalıdır. 

Həkim xəstənin şikayətlərini araşdırdıqdan sonra qastroskopiya və ya kolonoskopiya təyin olunur. Mədə-bağırsaq traktına daxildən baxmaqla, oradakı xəstəliklər aşkara çıxarılır. Müayinənin nəticəsinə əsasən hər xəstəyə uyğun fərdi müalicə sxemi tərtib olunur.

Ən vacib məqam odur ki, ağrıya laqeyd yanaşıb, prosesi ağırlaşdırmayın. Hər bir xəstəliyi ilkin mərhələlərdə müalicə etdikdə sağalma şansı daha yüksək olur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (12 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir