Mədə qıcqırması

14 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 3110
Mədə qıcqırması foto 1
4/5 - (10 votes)

Mədə qıcqırması – bu orqanın selikli qişasının qıcıqlanması nəticəsində yaranır. Adətən yanğı hissi qida qəbulundan 15-30 dəqiqə sonra formalaşır. Mədə yanması bəzən gecə saatlarında meydana çıxır.

Statistik məlumatlara əsasən inkişaf etmiş ölkələrdə əhalinin 20-50%-i mütəmadi şəkildə mədə qıcqırması ilə qarşılaşırlar. Onların 10-20%-də bu hal həftədə 1 dəfə təkrarlanır.

Tez-tez baş verən mədə qıcqırması həyat keyfiyyətini pozmaqla yanaşı, həm də sağlamlıqla bağlı ciddi problemlərin olmasından xəbər verir.  

Mədə qıcqırması foto 2

Mədə qıcqırması hansı səbəblərdən yaranır? 

  • Mədə-bağırsaq xəstəlikləri 
  1. qastroezofageal reflüks (yeməyin mədədən qida borusuna qayıtması). Belə hallarda mədə qıcqırması qida qəbulundan dərhal sonra və ya 20-30 dəqiqə keçdikdə baş verir. Çox zaman gəyirmə ilə müşayiət olunur.
  2. yüksək turşuluqlu qastrit. Xəstə yemək yedikdən 15-30 dəqiqə sonra qıcqırmadan şikayətlənir. Bu narahatlığa mədə ağrısı ilə müştərək şəkildə rast gəlinir. 
  3. xora xəstəliyi. Xora mədədə olduqda yeməkdən 15-30 dəqiqə keçdikdə, yara onikibarmaq bağırsaqda formalaşdıqda isə qida qəbulundan 1,5-2 saat sonra döş sümüyü arxasında yanğı hiss olunur. 
  4. öd daşı xəstəliyi və xolesistit (öd kisəsinin iltihabı). 

Mədə qıcqırması foto 3

  • Qidalanma rejiminin pozulması. Həddindən artıq, eləcə də rejimsiz və tələsik yemək mədə qıcıqrması ilə nəticələnir. 
  • Qeyri-düzgün qidalanma. Fastfud, yağlı, qızardılmış, acı ədəvalı qidalar, çay, qəhvə və şokoladın normadan çox qəbulu hətta sağlam insanlarda da qıcqırma törədir. 
  • Bəzi dərman vasitələrinin (qeyri-steroid iltihabəleyhinə, hipotenziv preparatlar) tətbiqi
  • Zərərli vərdişlər(siqaret və spirtli içkilər)
  • Xroniki stress
  • Hamiləlik dövrü. Hamilə qadınlarda qarındaxili təzyiqin yüksəlməsi və çəkinin artması ilə əlaqədar mədə qıcqırması, yanğı hissi formalaşır. Hamiləlikdə mədə yanması əksərən 20-ci həftədən sonra baş verir. 

Mədə qıcqırması foto 4

Mədə qıcqırması aradan qaldırılmadıqda nə ilə sonlanır? 

Yeməyin mədənin turş möhtəviyyatı ilə birgə qida borusuna atılması nəticəsində onun selikli qişası zədələnir, iltihabi xəstəlik – ezofagit yaranır. Bəzən eroziya və qanaxma müşahidə olunur. Qida borusunun çapıqlaşması (daralması) həzm prosesini çətinləşdirir.  

Xroniki iltihab qida borusunun epitel toxumasının dəyişməsinə səbəb olur. Bu xərçəngönü hal Barret sindromu adlanır. Belə ağırlaşmalarla üzləşməmək üçün vaxtında qastroenteroloqa müraciət etmək lazımdır. 

Mədə qıcqırması foto 5

Mədə qıcqırması necə yox edilir? 

Xəstə həkimə müraciət edərkən, ilk növbədə onun şikayətləri dinlənilir. Sonrakı mərhələdə bir sıra müayinələr aparılır: qastroskopiya, Helicobacter pylori görə analiz, ehtiyac yarandıqda qan və nəcisin yoxlanılması. 

Qıcqırmanın aradan qaldırılması onu törədən səbəbə uyğun aparılır. Məsələn, sağlam şəxslərdə qidalanma rejiminin pozulması fonunda yaranan nadir qıcqırma halları müalicə tələb etmir. Bunun üçün sadəcə həyat tərzinin normaya salınması kifayət edir.

Mədə qıcqırması tez-tez təkrarlandıqda kompleks yanaşma tələb olunur. Terapevtik üsullar nəinki xoşagəlməz əlamətin itməsinə, həm də əsas xəstəliyin korreksiyasına yönəldilir. Adətən pasiyentlərə bir neçə qrup preparat (antasid+qastroprotektorlar) təyin edilir. Əsas xəstəlik tam müalicə olunduqda qıcqırma da birdəfəlik keçib gedir.  

Mədə qıcqırması foto 6

Mədə qıcqırması ilə bağlı məsləhətləri  

Dərman vasitələrinin qəbulu ilə yanaşı pəhriz rejiminə də diqqət yetirilməlidir. Gündə 4-5 dəfə kiçik porsiyalarla qidalanın. Yeməkdən sonra dərhal uzanmayın, ən azı 40 dəqiqə gözləyin. Axırıncı qida qəbulu yuxudan maksimum 3 saat əvvəl olmalıdır.

Rasiondan yağlı və qızardılmış xörəklər, souslar, acı ədəvalar, qazlı içkilər, tünd çay, kofe, şokolad, sitrus meyvələri, pomidor çıxarılmalıdır. Xəstələrə sıyıq, yağsız ət soyutması, buxarda bişirilmiş tərəvəzlər, dietik süd məhsulları məsləhət görülür.  

Mədə qıcqırması foto 7

Mədə qıcqırması əleyhinə dərmanlar 

Nadir hallarda baş verən yüngül qıcqırma hallarında antasidlər (Almagel, Fosfalügel və s.), alginatlar (Geviskon və digərləri), mədənin selikli qişasını müdafiə edən qastroprotektorlar (məsələn, Sukralfat, Qastrostat) tövsiyə olunur.  

Tez-tez yaranan ağır formalı mədə qıcqırması zamanı yuxarıda qeyd olunan dərman qruplarına proton pompanın inhibitorları (omeprazol, lansoprazol, rabeprozol və s.), H2 blokatorlar (ranitidin, simetidin və digərləri) əlavə olunur. 

Sadaladığımız mədə dərmanları nümunə məqsədilə yazılmışdır. Müalicə sxemi: dərmanların növləri və dozalanma qaydası mütləq mədə həkimi tərəfindən təyin edilməlidir. Ev şəratində kor-koranə aparılan qeyri-peşəkar müalicə təhlükəlidir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4/5 - (10 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir