Mədə xorası

13 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1428
Mədə xorası foto 1
5/5 - (1 vote)

Mədə xorası – bu orqanın daxili qatında dərin defektin yaranması ilə xarakterizə olunur. Xora selikli qişa və əzələ toxumasını zədələyərək, bir sıra hallarda mədənin divarının bütün qalınlığına yayılır. Bu tip xoralar mədənin istənilən hissəsində əmələ gəlir. 

Statistik məlumatlara əsasən dünya əhalisinin 5-15%-də mədə xorası aşkarlanır. Çünki bu orqan daim turşu və fermentlərdən ibarət aqressiv mühitlə təmasdadır. Müdafiə faktorları, yəni mədədə ifraz olunan selik və digər xüsusi maddələr bir-birini tamamlayaraq, qidanın həzmində iştirak edirlər.

Bu amillərin tarazlığı pozulduqda, mədənin mühiti aqressivləşdikdə orada səthi defektlər formalaşır. Hüceyrələrin zədələnməsi əvvəlcə qastrit, ardınca eroziya, sonra isə xora ilə nəticələnir.  

Mədə xorası foto 2

Mədə xorası hansı səbəblərdən yaranır? 

Mədənin turşuluğunu artıran və müdafiə faktorlarının işini pozan səbəblər aşağıdakılardır: 

  • Helicobakter pylori bakteriyasına yoluxma (təmiz yuyulmamış meyvə-tərəvəzlərdən, xəstə insanın ağız suyundan, bakteriya ilə infeksiyalaşan qidadan)
  • Ağrıkəsici və qızdırma salan iltihabəleyhinə preparatların (QSİƏP) qəbulu
  • Mədənin turşuluğunu artıran xəstəliklər 
  • Ağır dərəcəli stress halları

Xoraların 70-85%-nin əsasında Helicobacter pylori dayanır. Həmçinin siqaret, spirtli içkilər, eləcə də qeyri-düzgün qidalanma xoranın formalaşma ehtimalını artırır. Belə ki, həddindən artıq isti, acı ədəvalar qatılmış xörək, qidanın yaxşı çeynənilməməsi mədənin selikli qişasını zədələyir.

Belə hallarda digər mexanizmlər – iltihab, helikobakter infeksiyası, müdafiə amillərinin zəifləməsi prosesə qoşulur.  

Mədə xorası foto 3

Mədə xorası özünü necə büruzə verir? 

Xoranın klassik ilkin əlaməti mədə ağrısıdır. Ağrı xoranın yerləşdiyi hissədən asılı olaraq, qida qəbulundan dərhal sonra və ya 1-2 saat keçdikdə meydana çıxır. Ağrının ən yüksək həddində qusma baş verir. Ondan sonra xəstənin vəziyyəti yaxşılaşır.

Həmçinin turşuluğu azaldan, spazmı aradan qaldıran mədə dərmanları da rahatlıq gətirir. Lakin onlar sistemsiz şəkildə qəbul edildikdə qeyri-effektiv olur. 

Xoranın digər əlamətlərinə mədə yanması, qıcqırma, gəyirmə aiddir. Müalicə gecikdirildikdə xora mədə qanaxması və deşilməsi ilə sonlana bilir. 

Mədə xorası foto 4

Mədə xorası necə aşkarlanır?

Mədədəki xoranın ən dəqiq müayinə metodu qastroskopiya sayılır. Helicobakter pylori bakteriyasını aşkar etmək üçün mədənin möhtəviyyatının bakterioloji əkilməsi tələb olunur. Həmçinin nəcisin gizli qana görə analizinə ehtiyac yarana bilər. Qastroenteroloq müayinənin nəticələrinə əsasən mədə xorası əleyhinə müvafiq müalicə aparır. 

Mədə xorası hansı üsulla müalicə olunur? 

Müalicənin əsasını pəhriz rejimi və dərman preparatları təşkil edir. Gündəlik rasiondan mədə divarını qıcıqlandıran və mədədə şirə ifrazını artıran məhsulları çıxarmaq lazımdır. Xəstələr duzlu, turş, qızardılmış və hisə verilmiş qidalardan imtina etməli, suda qaynadılmış və ya buxarda bişirilmiş məhsullara üstünlük verməlidir. 

Analizlərdə Helicobacter pylori aşkarlanmadıqda proton pompa inhibitorları (omeprazol, rabeprazol, ezomeprazol və analoqları) təyin olunur. Bakteriya tapıldıqda isə qeyd olunan preparatlarla yanaşı minimum 7 gün ərzində antibiotiklərdən də istifadə edilir.  

Mədə xorası fəsad vermədikdə sadəcə dərman müalicəsi kifayət edir. Ağır hallarda (qanaxma, mədənin deşilməsi, xoranın xərçəngə çevrilməsi və s.) cərrahi müdaxilə aparılır.  

Mədə xorası foto 5

Mədə xorası əleyhinə tədbirlər

Hər bir xəstəliyin qarşısını almaq onu müalicə etməkdən qat-qat asandır. Bu səbəbdən mütəxəssislər mədədə qastriti vaxtında müalicə etməyi, stressdən uzaq durmağı, qidalanma tərzini normaya salmağı məsləhət görürlər. Bir vacib məqamı da vurğulayaq. Bəzi insanlar mədə ağrısı üçün bitkilərlə kor-koranə müalicə aparırlar. Bu isə vəziyyəti ağırlaşdıra bilər.

Ümumiyyətlə, onikibarmaq bağırsağın xorası ilə müqayisədə mədənin yaralarının bədxassələşmə riski daha yüksəkdir. Bu səbəbdən müalicəni gecikdirməyin və bu işi peşəkarlara həvalə edin. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir