Qastroskopiya

15 Fevral 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 4095
Qastroskopiya foto 1
4.6/5 - (28 votes)

Qastroskopiya – qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinə üsuludur. Bu metoddan həzm pozğunluqları, mədə qıcqırması, yanması, gəyirmə zamanı, eləcə də qastrit, xora, şiş xəstəliklərinə şübhə yarandıqda istifadə olunur.  

Qastroskopiya haqqında

Prosedur xüsusi cihazın – qastroskopun köməyilə aparılır. Aparat elastik, uzun borudan ibatərdir. Onun ucunda foto və ya videokamera vardır. Qastroskop pasiyentin ağzından keçməklə mədəyə yeridilir. Müayinə prosesində kamera təsviri monitora ötürür. Bunun köməyilə qastroenteroloq həzm sistemi orqanlarının hər bir santimetrinin vəziyyətini izləyə bilir.  

Qastroskopiya foto 4

Qastroskopiya proseduruna hazırlıq

Qastroskopiya üsuluna xüsusi hazırlıq tələb olunur. Bu barədə pasiyent öncədən məlumatlandırılır:  

  • Manipulyasiyadan 2 gün əvvəl rasiondan şokolad, qoz, günəbaxan tumları, kəskin qidaları çıxarın.  
  • Axırıncı qida qəbulu 18 saat əvvəl olmalıdır. Axşam yeməyini çətin həzm olunan məhsullardan hazırlamayın.  
  • Müayinədən 1 gün qabaq mayonez qatılmış salatlar, çörək, yağlı ət, balıq, pendir, dənli bitkilərdən (lobya, mərci və s.) imtina edin. Axşam yeməyinə toyuğun döş əti, buxarda bişirilmiş toyuq kotleti, qarabaşaq (qreçka) sıyığı, yağsız kəsmik və ya kartof püresi daxil edin.  

Qastroskopiya günü

  • Müayinə günü istənilən növ ərzaq və içki qəbulu qadağandır.  
  • Gündəlik içdiyiniz dərman varsa, ondan imtina edin. Çünki bu, müayinə prosesinə mane ola bilər.  
  • Allergik reaksiyalarınız varsa, bu barədə həkimi məlumatlandırın. Belə ki, prosedurdan əvvəl işlədilən keyidici aerozol və ya venaya vurulan anestetikə qarşı allergiya halları ola bilər.  

Qastroskopiya proseduruna gələrkən keçmiş müayinələrin nəticələrini özünüzlə götürməyi unutmayın.   

Qastroskopiya foto 2

Qastroskopiya necə aparılır?

Müayinəyə başlamazdan əvvəl xəstənin dilinin kökü xüsusi spreylə keyidilir. Bu yolla udlaq əzələləri boşalır, qusma refleksinin intensivliyi azalır. Nəticədə videokameralı optik borunun son hissəsi asanlıqla mədəyə salınır.  

Müayinənin aparılması üçün həkim xəstəni adətən sağ böyrü üstə uzadır. Endoskopu dişləməmək məqsədilə ağıza xüsusi vasitə salınır. Sonra həkim ehtiyatla borunu ağızdan qida borusuna yeridir. Endoskopun diametri gündəlik yeyilən məhsullardan kiçik olduğundan prosedur əsnasında xəstədə udqunma və tənəffüslə bağlı problem yaranmır.  

Ehtiyac olmadıqda həkim udqunmamağı məsləhət görür. Mütəxəssis endoskopu həzm traktına yeritdikcə okulyar və ya videomonitorda qida borusu, mədə və onikibarmaq bağırsağın divarlarının vəziyyətini qiymətləndirir. 

Qastroskopiya foto

Orqanın hər hansı bir hissəsinin görüntüsü ilə bağlı problem yarandıqda endoskopdakı xüsusi kanalcıqdan mədənin boşluğuna hava və ya su vurulur. Onun köməyilə divarlar yuyulur, baxılan hissə və endoskopun linzası təmizlənilir. Sonra maye və ya hava sorucu ilə kənarlaşdırılır.  

Endoskopa birləşən kamera müayinə prosesini video şəklində fiksasiya etməyə imkan verir. Lazım gəldikdə həkim endoskopdakı xüsusi kanaldan kiçik alət salmaqla, biopsiya aparır və yaxud selikli qişanın patoloji törəmələrini (məsələn, polip) kəsib götürür. Biopsiya prosesi tam ağrısızdır.  

Ümumilikdə, qastroskopiya proseduru 10-20 dəqiqə çəkir. Xəstə istədikdə manipulyasiya venadaxili narkozla icra olunur. 

Qastroskopiya foto 3

Qastroskopiya üsulundan sonra

Müayinə bitdikdə qarında köp, ürəkbulanma, gəyirmə ola bilər. Prosedurdan sonra 2 gün ərzində bu əlamətlər norma sayılır. Narkozla aparılan qastroskopiya sonrası yüngül formalı baş ağrısı yarana bilər. Əlamətlər güclü olduqda həkimlə əlaqə saxlamaq lazımdır.

Qastroskopiya qiyməti 

Bakıda yerləşən tibb müəssisələrində Qastroskopiya prosedurunun qiyməti narkozsuz 50-70 AZN təşkil edir. Narkozla qastroskopiya zamanı ödəniş 75-120 AZN arasında dəyişir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.6/5 - (28 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir