Ağızda acılıq

Səhər saatlarında ağızda acılıq dad reseptorlarının yaşla bağlı dəyişiklikləri və ya həzm sistemi xəstəlikləri ilə bağlı ola bilər. Bu məqalədə Sizi ağızda acılığın səbəbləri və aradan qaldırılma yolları ilə tanış edəcəyik.
Ağızda acılıq hansı səbəblərdən əmələ gəlir?
- öd yollarının iltihabi xəstəlikləri (acılıq səhər çağı yaranır);
- qaraciyərin funksional pozğunluqları (sağ yan tərəfdə ağrı və ağızda acılıq fiziki yüklənmələrdən sonra meydana çıxır);
- mədə xəstəlikləri (acılıq qida qəbulundan sonra əmələ gəlir);
- qurd xəstəlikləri;
- hamiləlik;
- ağız boşluğunun xəstəlikləri;
- dərman vasitələrinin qəbulu;
- endokrin patologiyalar.

Ağızda acılıq törədən xəstəliklər və amillər
- Qaraciyər və öd yollarının fəaliyyət pozğunluqları. Belə vəziyyətlərdə acılıq adətən səhər yaranır. Öd kisəsi və qaraciyər xəstəliklərinin əlamətlərinə ağızda metal dadı, dərinin saralması, sidiyin tündləşməsi, dilin ağ ərplə örtülməsi aiddir.
- Mədə-bağırsaq xəstəlikləri. Əksər pasiyentləri bu sual maraqlandırır: «ağızda acılıq mədə ilə bağlı ola bilər?» Əlbəttə. Qastrit, mədə xorası, qastroezofageal reflüks (yeməyin mədədən qida borusuna qayıtması) acılıqla müşayiət olunur. Belə xəstələrdə yanaşı olaraq, mədə yanması, ürəkbulanma, köp baş verir.
- Ağız boşluğunun xəstəlikləri. Selikli qişanın və yumşaq toxumaların iltihabı dad hissiyyatını dəyişə bilir.
- Dərman preparatları. Antibakterial, hipotenziv, diabet əleyhinə və hormonal preparatların qəbulu zamanı ağızda acılıq yarana bilər.
- Hamiləlik. Bu dövrdə acılığın səbəbi kimi hormonal fonun dəyişməsi qeyd edilir.
- Endokrin patologiyalar. Qalxanabənzər və böyrəküstü vəzin fəaliyyətinin pozulması hormonal disbalansa səbəb olur. Bu isə öz növbəsində öd axacaqlarının spazmı ilə nəticələnir.
- Stress halları.

Ağızda acılıq hansı əlamətlərlə müşayiət olunur?
Daxili orqan xəstəliklərinin təzahürü sayılan ağızda acılıq yeganə əlamət deyil. Patologiyadan asılı olaraq, bu simptomla yanaşı ağızda quruluq, dilin üzərində ağ ərp, gəyirmə, ürəkbulanma və qusma müşahidə edilir.
- bozumtul-ağ ərp, ağızda acılıq və xoşagəlməz iy mədə pozğunluqları, qastrit və ya xoradan xəbər verir;
- yara səthləri və qalın ağ ərp göbələk xəstəliyinin simptomudur;
- ləkəli, ağ və ya sarımtıl ərp qastritə işarədir;
- dilin kökündə qəhvəyi ərp bağırsaq intoksikasiyası, dəmir çatışmazlığı ilə bağlıdır və yaxud «siqaret çəkənlərin sindromu» kimi ifadə olunur;
- qırmızı ləkəli ağ ərp («coğrafi» dil) daxili orqanların xroniki xəstəliklərində formalaşır.

Ağızda acılıq hansı üsulla araşdırılır?
Acılıq daimidirsə, qastroenteroloqun müayinəsinə ehtiyac yaranır. Bir sıra hallarda ginekoloq, endokrinoqloq və digər mütəxəssislərin konsultasiyası tələb olunur. Həkim xəstəyə baxış keçirdikdən sonra laborator və instrumental müayinələr icra edilir:
- qastroskopiya və ya kolonoskopiya;
- qanın ümumi və biokimyəvi analizi;
- qanda hormonların yoxlanılması;
- sidiyin ümumi analizi;
- həzm orqanlarının ultrasəs müayinəsi.
Ağızda acılıq dərmanlarla necə aradan qaldırılır?
Müayinənin nəticələrinə əsasən həkim müalicə sxemini təyin edir. Diaqnostika prosesində pasiyentdə mədə-bağırsaq xəstəlikləri aşkarlandıqda həzm prosesini yaxşılaşdıran preparatlar (Almagel, De-nol, Motorikum və s.) məsləhət görülür. Öd axını pozulduqda ödqovucu vasitələr göstərişdir.
Stresslə bağlı səhər vaxtı acılıq yaranarsa, bitki əsaslı sakitləşdiricilər qəbul olunur.

Ağızda acılığın xalq təbabəti ilə müalicəsi
Çobanyastığı və ya qarğıdalı saçaqlarını dəmləməklə, həmçinin kətan toxumlarından kisel hazırlamaqla, bu simptomdan xilas ola bilərsiniz. Təzə sıxılmış şirələr də effektiv hesab olunur. Belə ki, kartof şirəsi mədə qıcqırmasını aradan qaldırır və bağırsağın fəaliyyətini aktivləşdirir. Öd yollarının xəstəliklərində kök və çuğundur şirəsi faydalı sayılır. Şirələr həzm prosesini normaya salmaqla bərabər, orqanizmi möhkəmləndirir, şlaklardan azad edir.
Ağızda acılığın qarşısının alınması
Səhər saatlarında ağızda acılıq yaranırsa, ilk növbədə qidalanmanın xarakterinə diqqət yetirmək lazımdır. Gündəlik rasiondan yağlı və hisə verilmiş məhsullar, qəhvə, tünd çay, yarımfabrikatlar və şirniyyat çıxarılmalıdır. Sıyıqlar, süd məhsulları və təzə tərəvəzlərə üstünlük verilməlidir. Su rejimini normaya salmaq, kiçik porsiyalarla tez-tez yemək məsləhətdir.

