Mədə həkimi

Qastroenteroloq – mədə-bağırsaq traktı, qaraciyər və öd kisəsi xəstəliklərinin diaqnostika, müalicə-profilaktikası ilə məşğul olan mütəxəssisdir. Ona el arasında mədə həkimi də deyilir.
Mədə həkimi daha hansı xəstəlikləri müalicə edir?
- yemək borusu: qastroezofageal reflüks (qidanın mədədən qida borusuna atılması), diafraqmanın qida borusu dəliyinin yırtığı, divertikullar;
- mədə: qastrit, xora, polip;
- onikibarmaq bağırsaq: xora, duodenit (iltihab);
- mədəaltı vəzi: kəskin və xroniki pankreatit;
- nazik və yoğun bağırsaq: enterokolit, Kron xəstəliyi, kolit, disbakterioz; ,
- öd kisəsi: öd daşı xəstəliyi, kəskin və xroniki xolesistit;
- qaraciyər: hepatit, sirroz və s.

Hansı əlamətlərlə qarşılaşdıqda mədə həkimi ilə əlaqə saxlamaq lazımdır?
İstənilən xəstəliyin müalicəsinə nə qədər tez başlanılarsa, nəticə bir o qədər uğurlu alınır. Ağır fəsadlarla qarşılaşmamaq üçün ilkin əlamətlərlə üzləşdikdə vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Aşağıdakı simptomlar həzm sistemi xəstəliklərindən xəbər verir:
- mədə ağrısı;
- qarın ağrısı;
- mədə yanması (döş sümüyü arxasında yanğı hissi);
- gəyirmə, hıçqırma, ürəkbulanma, qusma;
- ağızda acılıq, xoşagəlməz dad;
- nəcis ifrazının pozulması: qəbizlik, ishal.
- nəcisin rəngsizləşməsi, selikli və ya qanlı olması;
- dəridə qeyri-infeksion xarakterli səpgilər;
- qarında köp.

Mədə həkimi xəstəni necə müayinə edir?
Xəstə yuxarıda qeyd olunan əlamətlərdən əziyyət çəkdikdə, mütləq qastroenteroloqun konsultasiyasına yazılmalıdır. İlkin qəbul zamanı mədə həkimi ilk növbədə pasiyentin şikayətlərini dinləyir, xəstəliyin əlamətlərini aydınlaşdırır. Sonra ümumi baxış keçirir.
Ümumiyyətlə, qida borusu, mədə və bağırsaq xəstəliklərinin ən dəqiq müayinə üsulu qastroskopiya sayılır. Onun köməyilə həkim həzm sistemi orqanlarının vəziyyətini qiymətləndirir. Müayinə prosesində ehtiyac yarandıqda qastrit və xora xəstəliyinin əsas törədicisi olan Helikobakter pilori üçün analiz, şübhəli hallarda isə biopsiya aparılır.
Bundan əlavə laborator analizlər (qan, nəcis) və qarın boşluğunun ultrasəs müayinəsi tələb oluna bilər.

Mədə həkimi xəstəlikləri hansı üsulla müalicə edir?
Yüngül hallarda konservativ müalicə aparılır. Bura aşağıdakı üsullar aiddir:
- medikamentoz (dərman) terapiya. Həzm sisteminin əksər xəstəliklərində, eləcə də xroniki patologiyaların kəskinləşməsinin qarşısını almaq məqsədilə istifadə olunur;
- qeyri-medikamentoz müalicə. Bura fizioterapiya, fitoterapiya və s. aiddir;
- pəhriz. Düzgün qidalanma tərzi həzm sistemi xəstəliklərinin müalicəsinin əsasını təşkil edir.
Ağırlaşmış hallarda isə dərman müalicəsi qeyri-effektiv olduğundan cərrahi müdaxiləyə ehtiyac yaranır. Bu səbəbdən mədə həkimi xəstələrə müalicəni gecikdirməməyi, vaxtlı-vaxtında müayinə olunmağı məsləhət görür.


Salam