Mədə ağrısının səbəbləri

Mədə ağrısı – bir çox xəstəliklərin əlaməti sayılır. Bu simptom heç də hər zaman mədədə qastrit və ya xoradan xəbər vermir. Ağrı digər orqanların patologiyaları ilə də bağlı ola bilir. Bu məqalədə Sizi mədə ağrısının səbəbləri və onların aradan qaldırılma yolları ilə tanış edəcəyik.
Mədə ağrısının səbəbləri hansılardır?
- Qəfil yaranan kəskin ağrı çox zaman pankreatit (mədəaltı vəzin iltihabı), xolesistit (öd kisəsinin iltihabı) və yaxud onikibarmaq bağırsağın xorasına işarə edir.
- Xəstələrin “bıçaq yarası” kimi təsvir etdiyi dözülməz ağrı əksər hallarda xora deşildikdə baş verir.
- Mədə yanması qastrit və ya xora üçün xarakterikdir. Sızıltılı, küt ağrılar isə bu xəstəliklərin başlanğıc və ya xroniki formalarında müşahidə edilir. Qastritli pasiyentlər narahatlıqların qida qəbulu ilə bağlı olduğunu bildirirlər: ağrı insan çox ac olduqda və ya yemək yedikdən dərhal sonra meydana çıxır.
- Sancışəkilli ağrı adətən onikibarmaq bağırsaqda xora və ya iltihab olduqda əmələ gəlir. Belə ağrılar əsasən gecə vaxtı və ya sonuncu qida qəbulundan bir neçə saat sonra yaranır.

Mədə ağrısının digər səbəbləri
- Nəfəs aldıqda və ya bədən vəziyyətini dəyişdikdə qısa müddətli (1 neçə saniyəlik) kəskin ağrılar qan dövranı pozğunluğu və ya iltihab fonunda diafraqmanın spazmına xasdır.
- Mədədə daimi, zəif intensivlikli, sızıltılı ağrılar çox vaxt bədxassəli törəmələr, eləcə də polip zamanı baş verir. Xərçəng mədədən mədəaltı vəziyə yayıldıqdan ağrı kəmərləyici (bel boyunca) olur.
- Tutmaşəkilli, güclü mədə ağrısının səbəbləri sırasında həzm traktının infeksiyaları böyük yer tutur.
- Qarnın yuxarı hissəsində formalaşan, bir neçə gündən sonra zəifləsə də daim xəstəni narahat edən ağrı yoğun bağırsağın patologiyaları, xüsusən kolitlə əlaqədardır.
- Göbək nahiyəsində yaranan güclü ağrı bir neçə saat ərzində qarnın sağ yuxarı hissəsinə yerini dəyişərsə, appendisitdən şübhələnmək lazımdır.

Mədə ağrısının səbəbləri və aradan qaldırılma üsulları
Əksər xəstələri maraqlandıran sual budur: mədədə ağrını necə yüngülləşdirmək olar? Mütəxəssislər hər bir halda özünü müalicəni qadağan edirlər. Çünki belə vəziyyətlərdə ilk öncə ağrını törədən səbəb üzə çıxarılmalıdır. Sonra isə ona uyğun müalicə aparılmalıdır.
Qastroenteroloqa müraciət edənə qədər ağrını kəsmək üçün spazmolitik və ya analgetik qəbul edə bilərsiniz. Ümumiyyətlə, ev şəraitində özbaşına dərman istifadəsi bir qədər təhlükəlidir. Belə ki, preparatın istifadəsi klinik şəkli silərək, diaqnostikanı çətinləşdirə bilər.
Bəzi insanlar ağrını zəiflətmək üçün istiqac (qrelka) qoyur. Bu isə bir sıra hallarda kömək edə, digər vəziyyətlərdə (xüsusən, irinli-iltihabi proseslər, qanaxma zamanı) isə əksinə, xəstənin halını ağırlaşdıra bilir.
Fəsadlara yol verməmək üçün mədə ağrısının səbəbləri və müalicə ilə bağlı bütün məsələləri həkimə həvalə edin.

Mədə ağrısının səbəbləri və diaqnostikası
Mədədə ağrı törədən xəstəliklərin diaqnostikası anamnezdən başlanır. Yəni həkim pasiyentin şikayətlərini araşdırır, xəstəliyi barədə ətraflı məlumat toplayır. Sonra xarici baxış keçirir, qarın nahiyəsini əllə yoxlayır. Qan, sidik, nəcis və mədə şirəsinin analizi informativ sayılır.
Diaqnozun qoyulmasında qastroskopiya və qarın boşluğu orqanlarının ultrasəs müayinəsi həlledici rol oynayır.
Mədə ağrısının səbəbləri – yanğı hissinə qarşı müalicə
Müayinənin nəticələri hazır olduqda, həkim müvafiq müalicə təyin edir. Məsələn, mədə yanması zamanı onu yaradan əsas xəstəliyin (qastrit, xora, duodenit, xolesistit və s.) aradan qaldırılması ilə yanaşı qidalanma rejiminə də riayət edilməlidir.
Gün ərzində kiçik porsiyalarla 5-6 dəfə qidalanmaq məsləhət görülür. Rasiondan yağlı yeməklər, hisə verilmiş məhsullar, şorabalar, qazlı içkilər, paxlalılar (mərci, noxud, lobya) çıxarılmalıdır. Qıcqırma yüksək turşuluqla bağlı olduqda mədə dərmanları – antasid və antisekretor preparatlar qəbul edilir.

Mədə ağrısının səbəbləri – qastritin müalicəsi
Mədənin ağrısının səbəbləri qastritlə əlaqəlidirsə, effektiv ağrıkəsici sayılan ibuprofen içməyin. Çünki bu tərkibli dərmanlar mədənin selikli qişasını qıcıqlandırır. Qastrit zamanı mədəni daxildən bürüyən vasitələr (Almagel, Fosfalyugel və s.) təyin edilir.
Qastrit bakterial mənşəli olduqda, antibiotikoterapiya mütləqdir. Dərmanla müalicə ilə yanaşı həm də pəhriz saxlamaq lazımdır. Xəstə yağlı, acı ədəvalı, duzlu məhsullardan, qıcqırma proseslərinə səbəb olan ərzaqlardan (ilk növbədə süd, un məmulatları, üzüm və s.) imtina etməlidir.

Mədə ağrısının səbəbləri – xoranın müalicəsi
Mədənin ağrısının səbəbləri qismində xora aşkarlandıqda adətən antibiotiklər, iltihabəleyhinə preparatlar, turşuluğu aşağı salan antasidlər effektiv sayılır. Pasiyentlərə yüngül, yağsız xörəklər, yumşaq (sürtkəcdən keçirilmiş və ya püre halında) ərzaqlar tövsiyə olunur.
Xülasə
Gördüyünüz kimi mədə ağrısının səbəbləri müxtəlif olduğundan onun müalicə sxemi də fərqlidir. Bəzi insanlar mədə ağrısı üçün bitkilərə üstünlük verirlər. Lakin onun mənfi tərəfləri də ola bilər. Bu səbəbdən sağlamlığınıza etinasız yanaşmayın, ağrı ilə rastlaşdıqda mütləq həkim müayinəsindən keçin.

