Mədədə qastrit

13 Mart 2020 Kateqoriya: Mədə xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 81
Mədədə qastrit foto 4
5/5 - (2 votes)

Qastrit – mədənin selikli qişasının iltihabıdır. Statistik göstəricilərə əsasən dünya əhalisinin orta hesabla ½ hissəsində mədədə qastrit inkişaf edir. Son zamanlar bu xəstəliyə böyüklərlə yanaşı, uşaqlarda da rast gəlinir. Pasiyentlər arasında orta yaş qrupundan olan şəxslər üstünlük təşkil edir. 

Mədədə qastrit necə yaranır? 

Əksər hallarda qastrit Helikokobakter pilori (Helicobacter pylori) tərəfindən törənir. İnsanlar bu bakteriyaya gigiyena qaydalarına əməl etmədikdə (çirkli əllər, ümumi qab-qacaq, öpüş) yoluxur. Helikobakter orqanizmə düşdükdən sonra bir neçə il xəstəliyin əlamətləri müşahidə olunmasa da, mədənin selikli qişasında dəyişikliklər davam edir.  

Ümumdünya Qastroenteroloji təşkilatın məlumatlarına görə Yer kürəsində yaşayan insanların yarıdan çox hissəsi Helicobacter pylori daşıyıcılarıdır.

Mədədə qastrit foto 2

Mədədə qastrit daha hansı səbəblərdən əmələ gəlir?

  • reflüks – onikibarmaq bağırsaqdan həzm fermentlərinin mədəyə atılmasıdır. Öd selikli qişanın müdafiə baryerini dağıdaraq, iltihaba gətirib çıxarır.  
  • mədənin daxili qatının kimyəvi maddələrlə – dərman vasitələri, dəmir preparatları, spirtli içkilərlə qıcıqlanması
  • stress 
  • qida məhsullarına qarşı allergiya
  • qida zədələnmələri
  • ağız və udlağın xroniki infeksiyaları (karies, badamcıqların iltihabı)

Mədədə qastrit və onun formaları

Qastritin kəskin və xroniki növləri vardır. Kəskin forma müalicə olunmadıqda tədricən xroniki qastritə keçir. 

Xəstəliyin kəskin forması öz növbəsində kataral və eroziv olur. Kataral qastrit üçün selikli qişanın səthi zədələnməsi və ya yüngül dərəcəli iltihab xarakterikdir.

Eroziv formada mədənin selikli qişasında xoralar əmələ gəlir. Bəzən eroziya qanaxmaya səbəb olur. Belə halda xəstəlik hemorragik qastrit kimi qiymətləndirilir.  

Xroniki atrofik qastritdə mədə divarının normal toxuması çapıqla əvəz olunur. Müalicə aparılmadıqda atrofik forma mədə xərçənginə gətirib çıxara bilir.  

Mədədə qastrit foto 3

Mədədə qastrit hansı əlamətlə özünü büruzə verir:

Mədə qastriti əlamətləri aşağıdakılardır:

  • qida qəbulundan sonra dartıcı ağrı;  
  • gəyirmə, ağızdan xoşagəlməz iy; 
  • tez doyma hissi;  
  • iştahsızlıq.

Bəzən bu əlamətlərə funksional dispepsiya zamanı da təsadüf olunur. Belə vəziyyətlərdə mədənin selikli qişasında iltihab aşkarlanmasa da, insanlar qastritdə rast gəlinən əlamətlərdən şikayətlənirlər. Xəstəliyin simptomları mədənin ayrı-ayrı şöbələrinin diskoordinasiyalı (bir-birilə uzlaşmayan) fəaliyyəti və orqanın divarlarının gərilməyə yüksək həssaslığı fonunda meydana çıxır. Funksional dispepsiya zamanı ağrı kəskin xarakterli olub, yuxu rejimini və əmək qabiliyyətini pozur.   

Mədədə qastrit foto 1

Mədədə qastrit necə aşkarlanır? 

Diaqnoz qastroenteroloqun baxışı və aşağıdakı müayinələrin nəticələrinə əsasən qoyulur:  

  • Qastroskopiya;
  • Helikobakter pilori bakteriyasının yoxlanılması; 

Qastritin xroniki formasında əlavə olaraq, mədə şirəsinin analizi və selikli qişanın biopsiyasına ehtiyac yaranır.  

Mədədə qastrit hansı üsulla müalicə olunur? 

Mədə həkimi müayinənin nəticələrini təhlil etdikdən sonra hər xəstəyə uyğun vasitələr məsləhət görür. Ümumilikdə mədədə qastrit zamanı müalicə sxemi belədir:

  • bu orqanın divarını bürüyən və turşuluğu azaldan mədə dərmanları
  • pəhriz: qida rasionundan yağlı, qızardılmış, hisə verilmiş, acı qıdaların çıxarılması; 
  • qastrit Helikobakter pilori mənşəli olduqda antibiotiklər.  

Müalicə ev şəraitində aparılır. Orta hesabla 2-3 həftə davam edir. Xəstəliyin əlamətlərinin aradan qalxması müalicənin effektivliyindən xəbər verir. 

Mədədə xroniki qastriti olan insanlar ildə 2 dəfə qastroenteroloqun müayinəsində olmalıdır. Bu yolla xəstəlik nəzarət altına götürülür, təhlükəli ağırlaşmaların qarşısı alınır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (2 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir