Mədə sallanması

Mədə sallanması – anadangəlmə və ya qazanılmış patologiyalarla əlaqədar bu orqanın aşağı enməsidir. Normada mədə diafraqmaya paralel yerləşir. Onu bu vəziyyətdə müəyyən əzələlər və bağlar fiksasiya edir. Onların tonusu zəiflədikdə mədə sallanması baş verir. Bu halın elmi adı qastroptozdur.
Mədə sallanması hansı səbəblərdən yaranır?
Bəzi insanlar doğulduqda orqanlar sallanmış halda olur. Bir sıra hallarda qastroptoz qeyri-düzgün bədən quruluşu – həddindən artıq arıqlıq, kiçik döş qəfəsi, dar çiyinlərlə əlaqədar baş verir.
Qazanılmış qastroptozun səbəbləri aşağıdakılardır:
- ağır pəhrizlərlə əlaqədar kəskin arıqlama
- qeyri-düzgün qidalanma – ifrat dərəcədə qida yemək və s.
- qazlı içkilərə meyllik
- doğuş
- ağırlıq qaldırma
- mədəni fiksasiya edən əzələlərin tonusunu azaldan daxili travmalar.

Mədə sallanması hansı əlamətlə özünü büruzə verir?
Əlamətləri qastroptozun dərəcəsindən asılıdır. I və II dərəcələrdə spesifik əlamətlər olmadığından pasiyent öz xəstəliyindən şübhələnmir. Qastroptozun əlamətləri hər 2 cinsin nümayəndələrində eyni olur:
- epiqastral nahiyədə (göbəkdən yuxarı) ağırlıq hissi. Bu narahatlıq qida qəbulundan sonra lap güclənir.
- səbəbsiz ürəkbulanma və qarında köp
- tez-tez təkrarlanan qəbizlik
- mədə yanması
Mədənin sallanması son, yəni III dərəcəyə çatdıqda aşağıdakı simptomlar müşahidə olunur:
- qarın ağrısı (kəskin hərəkətlər zamanı güclənən, uzandıqda zəifləyən);
- ağızdan xoşagəlməz iy;
- turş yumurta qoxusu verən gəyirmə;
- qəbizliklə ishalın növbələnməsi;
- avitaminoz.

Mədə sallanması müalicə olunmadıqda nə baş verir?
Qastroptozun əlamətlərinə laqeyd yanaşdıqda aşağıdakı ağırlaşmalar baş verə bilər:
- mədə motorikasının zəifləməsi
- sekretor funksiyanın pozulması
- mədə xərçənginin inkişafı
Mədənin sallanması ilə əlaqədar bağırsağa təzyiq olunur. Nəticədə bu orqan yerini dəyişərək, kişilərdə prostat vəzini, qadınlarda isə uşaqlıq və yumurtalıqları sıxır. Baş verən dəyişikliklər xəstəliyin klinik şəklini mürəkkəbləşdirir, neqativ hallara gətirib çıxarır.
Mədə sallanması hansı üsullarla üzə çıxarılır?
Qastroptozun diaqnostikası üçün qastroenteroloqa müraciət olunmalıdır. İlk növbədə həkim xəstəlik barədə məlumat alır, sonra ümumi baxış keçirir. Qarın nahiyəsini əllə yoxlamaqla, mədənin yerləşməsini və əzələlərin elastikliyini müəyyən edir.
Qastroptoz zamanı qarın sallaq, ön divarı isə süst olur. Ehtiyac yarandıqda qastroskopiya, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi aparılır.

Mədə sallanması necə aradan qaldırılır?
Əsas müalicə üsulları:
- dərman preparatlarının qəbulu;
- pəhriz;
- müalicəvi gimnastika;
- masaj;
- tənəffüs gimnastikası (bağların möhkəmlənməsi üçün).
Mədə sallanması zamanı dərmanlar
Əlamətlərin aradan qaldırılması və mədə-bağırsaq sisteminin fəaliyyətinin bərpa olunması üçün dərman terapiyası göstəriş sayılır. Preparatları özbaşına təyin edib içmək olmaz. Müalicə sxemi qastroenteroloq tərəfindən seçilməlidir. Adətən:
- İshal əleyhinə Smekta, Bisokadil istifadə olunur;
- Güclü ağrılara qarşı spazmolitiklər (No-şpa) məsləhət görülür;
- Qəbizlik hallarında işlədicilər (məsələn, Senade) qəbul edilir;
- Mədə şirəsini artırmaq üçün kofein, papaverin tövsiyə olunur.

Pəhriz
Qastroptoz zamanı pəhriz bir o qədər də ciddi olmur. Yalnız mədə şirəsi az ifraz olunduqda və funksional dəyişikliklər baş verdikdə qidalanmanın xarakterində dəyişiklik aparılır. Qalan hallarda sadəcə qidalanma rejimini nizamlamaq kifayət edir:
- Həddindən artıq yeməmək;
- Hər gün 3-4 saat fasilə ilə eyni vaxtda qidalanmaq;
- Kəskin və ya duzlu yeməklərdən imtina etmək;
- Tez həzm olunan məhsullara üstünlük vermək.
Mədə sallanmasının qarşısının alınması
Xəstəliyin inkişafına yol verməmək üçün bir sıra qaydalara riayət olunmalıdır:
- düzgün qidalanma;
- aktiv həyat tərzi;
- qarın divarı əzələlərinin möhkəmləndirilməsi.
Qadınlar hamiləlikdən sonra mütləq bandaj taxmalı, bu yolla özlərini qorumalıdır.
Qastroptozun erkən diaqnostika və müalicəsi fəsadların qarşısını ala bilir. Bu səbəbdən ilkin əlamətlərlə rastlaşdıqda vaxt itirmədən qastroenteroloqa müraciət edin.

