Mədə qastriti əlamətləri

Qastrit – həzm sistemi xəstəlikləri arasında ən çox rast gəlinən patologiyadır. Statistik məlumatlara əsasən dünya əhalisinin 60%-də bu xəstəliyə təsadüf olunur. Mədənin selikli qişasının iltihabı sayılan qastrit vaxtında müalicə olunmadıqda bir sıra fəsadlarla nəticələnir.
Mədə qastriti əlamətləri və formaları
İltihabi prosesin gedişindən asılı olaraq, mədə qastriti kəskin və xroniki formalara bölünür. Mədədə xlorid turşusunun səviyyəsinə əsasən xəstəliyin 3 növü ayırd edilir:
- aşağı turşuluqlu;
- normal turşuluqlu;
- yüksək turşuluqlu.
Yaranma səbəbinə görə:
- infeksion xarakterli – Helikobakter pilori bakteriyasının törətdiyi B tip qastrit;
- qeyri-infeksion xarakterli – irsi meylliklə bağlı, autoimmun, A tip qastrit.

Mədə qastriti səbəbləri və əlamətləri
Mədədə turşuluq səviyyəsinin pozulması qastritin inkişafının əsasını təşkil edir. Mədə möhtəviyyatının pH-nı dəyişdirən və bu fonda qastrit yaradan amillər aşağıdakılardır:
- yağlı, qızardılmış, acı ədviyyatlı qidaların həddindən artıq qəbulu;
- arıqlamaq məqsədilə sirkənin içilməsi;
- rasionda yağ və karbohidratların üstünlük təşkil etməsi;
- keyfiyyətsiz qida məhsulları ilə zəhərlənmə;
- öd kisəsi və ya mədəaltı vəzin xəstəlikləri (öd və turşunun mədəyə atılaraq, onun selikli qişasını zədələməsi);
- mədənin selikli qişasına aqressiv təsir göstərən dərman preparatlarının nəzarətsiz qəbulu;
- kimyəvi maddələrin (turşu və ya qələvi) udulması;
- xroniki stress;
- hormonal disbalans;
- spirtli içkilər.
Müalicə olunmayan sürətlə proqressivləşərək, xroniki formaya keçir. Xroniki qastrit isə xora xəstəliyi ilə ağırlaşır. Xorası olan şəxslərdə bədxassələşmə ehtimalı yüksəkdir. Belə hallara yol verməmək üçün qastritin əlamətləri ilə tanış olun.

Böyüklərdə mədə qastriti əlamətləri
Mədənin selikli qişasının iltihablaşmasından xəbər verən başlıca simptomlar:
- qida qəbulundan sonra güclənən mədə ağrısı və ağırlıq hissi;
- ürəkbulanma, qusma;
- gəyirmə;
- qarında köp;
- nəcis ifrazının pozulması – qəbizlik, ishal.
Turşuluq səviyyəsindən asılı olaraq, qastritin əlamətləri bir qədər fərqlənə bilir.
Yüksək turşuluqlu mədə qastriti əlamətləri
- ac olduqda güclənən, qida qəbulundan sonra sakitləşən ağrılar;
- mədə qıcqırması;
- türş möhtəviyyatlı gəyirmə;
- ishal.

Aşağı turşuluqlu mədə qastriti əlamətləri
- ağızda xoşagəlməz dad;
- xarab olmuş yumurta iyli gəyirmə;
- qida qəbulundan sonra güclənən ağrı;
- qarında qurultu;
- qəbizlik, köp;
- səhər vaxtlarında ürəkbulanma, qusma
Normal turşuluqlu, kəskin formalı mədə qastriti əlamətləri
- mədədə daimi ağrı;
- qarında ağırlıq;
- ürəkbulanma, qusma;
- gəyirmə, hıçqırma, ağızda acılıq;
- ağız suyunun çoxalması;
- göbək ətrafında ağrılar;
- qəbizlik və ya ishala meyllik.

Xroniki formalı mədə qastriti əlamətləri
Xroniki forma yaz-payız aylarında kəskinləşir. Sakitlik dövründə bəzən qida qəbulundan sonra qıcqırma, ürəkbulanma, mədədə ağırlıq hissi olur. Kəskinləşmə mərhələsi özünü kəskin qastritin əlamətləri ilə büruzə verir. Hər kəskinləşmə halında mədədə çapıqlar və destruktiv dəyişikliklər formalaşır. Onlar gələcəkdə mədə qanaxmasına gətirib çıxara bilir.
Mədə qastritinin diaqnostika və müalicəsi
Qastritdən şübhələndikdə qastroenteroloqa müraciət olunmalıdır. Diaqnozun qoyulması üçün qastroskopiya vacibdir. Zəruri hallarda qarın boşluğu orqanlarının ultrasəs müayinəsi və digər üsullara ehtiyac yaranır.
Müalicə mədə dərmanları və pəhrizlə aparılır. Xəstələrə aşağıdakı qrup preparatlardan ibarət kompleks müalicə təyin olunur:
- proton pomba inhibitorları – Omez, Omeprazol, Ranitidin və s.
- antasidlər – Almagel, Fosfalügel, Qaviskon;
- büzücü və bürüyücü vasitələr – natrium vismut (Vis-Nol, De-nol).
Analizdə Helikobakter pilori aşkarlandıqda müalicə sxeminə antibiotiklər əlavə olunur. Mədədə qastrit çox vaxt həzm prosesinin pozğunluğu ilə müşayiət olunduğundan xəstələrə fermentativ preparatlar (Mezim forte, Festal və s.) məsləhət görülür.
Qeyd olunan dərmanlar sadəcə nümunə xarakteri daşıyır. Hər bir xəstənin müalicəsi ancaq həkim tərəfindən aparılmalıdır.

Mədə qastriti zamanı pəhriz
Mədə qastriti kəskinləşdikdə qida rasionundan bu məhsullar çıxarılmalıdır:
- qəhvə, tünd çay, şokolad, kakao;
- spirtli içki;
- şirniyyat, un məmulatları (tort, bulka);
- qoyun əti, yağlı balıq;
- kolbasa və hisə verilmiş məhsullar;
- təzə tərəvəz və meyvələr – pomidor, sarımsaq, soğan, turş alma, gilas.
Rasiona aşağıdakı qidalar daxil edilməlidir:
- tərəvəz bulyonunda sup və borş;
- azacıq yağ qatılmış kartof püresi;
- kisel;
- sıyıq (qarabaşaq, düyü, yulaf);
- vermişel;
- dünənki çörək;
- toyuq və mal əti.

Ən əsası, mədə qastriti əlamətləri ilə üzləşdikdə özünü müalicə ilə məşğul olmayın. Qeyri-peşəkar yanaşma xora xəstəliyi və orqanın deşilməsi kimi ağır fəsadlarla nəticələnə bilər.

