Mədə qanaxması

Mədə qanaxması – mədənin zədələnmiş damarlarından bu orqanın mənfəzinə qanın axmasıdır. Qanaxmanın intensivliyindən asılı olaraq, halsızlıq, başgicəllənmə, anemiya, «qəhvə çöküntüsü» şəklində qusma, qara nəcis müşahidə olunur. Bu hal nəinki mədə-bağırsaq traktının, həmçinin qanın laxtalanma sisteminin, digər orqan xəstəliklərinin təhlükəli ağırlaşması sayılır.
Dünya üzrə hər 100 000 yetkin insandan 170 nəfərdə mədə qanaxması baş verir. Əvvəllər onun əsas səbəbi kimi xora xəstəliyi götürülürdü. Lakin son illərdə xoranın uğurlu müalicə üsullarının tətbiqinə baxmayaraq, qanaxmaların yayılma tezliyi olduğu kimi qalmaqdadır.
Mütəxəssislər bunu bəzi preparatların nəzarətsiz qəbulu fonunda yaranan eroziya və xoralaşma ilə əlaqələndirirlər. Qanaxmadan ölüm halları 4-26% təşkil edir. Bu ağırlaşma təcili hospitalizasiyanın səbəbləri arasında lider sayılır.
Mədə qanaxmasının səbəbləri
Hazırda qanaxmanın başlıca səbəbləri dərman mənşəli eroziya, stresslə bağlı zədələnmələr, Mellori-Veys sindromu (qida borusunun mədəyə keçid hissəsində selikli qişanın cırılması) hesab olunur. Eləcə də xroniki böyrək çatışmazlığı, qarciyər sirrozu, kəllə-beyin travmaları, ağır psixoemosional stress, miokard infarktı, son mərhələdə olan onkoloji xəstəliklər mədə qanaxması törədə bilir.
60 yaşdan yuxarı dövr, aşağı təzyiq, xroniki ürək, ağciyər çatışmazlığı, qan durulaşdırıcı vasitələrin uzunmüddətli qəbulu mədə qanaxması riskini yüksəldir.

Mədə qanaxması hansı formalara bölünür?
Mədə qanaxması kəskin və xroniki olur. Kəskin forma gur olub, qısa müddət ərzində xəstənin halını pisləşdirir. Belə vəziyyətlərdə təxirəsalınmaz intensiv terapiya tələb olunur. Xroniki qanaxma isə az miqdarda olduğundan, zəiflik və yorğunluqdan savayı heç bir əlamətlə özünü büruzə vermir. Xroniki forma tədricən anemiya törədir.
Həmçinin qanaxmalar gizli və aşkar olur. Gizli formalı mədə qanaxması ifadəli simptomlara malik olmadığından xəstənin ondan xəbər tutmur. Yalnız nəcisin gizli qana görə analizi bu patologiyanı təsdiqləyə bilir. Aşkar qanaxma isə adətən qanlı qusma, qara nəcis, anemiya əlamətləri ilə təzahür edir.

Mədə qanaxmasının əlamətləri
Qanaxmanın klinik şəkli onun intensivliyindən və davametmə müddətindən asılıdır. Zəif intensivlikli, qısa sürən mədə qanaxması yalnız bədən vəziyyətini dəyişdikdə başgicəllənmə, göz qabağında uçan qara nöqtələr, halsızlıqla müşayiət olunur.
Orta intensivlikli qanaxma mədə boşluğunda toplanaraq, hissəvi şəkildə onikibarmaq bağırsağa keçir. Mədə şirəsinin təsirindən hemoqlobin oksidləşir və hematinə çevrilir. Qan çox miqdarda toplandıqda, qusma baş verir. Hematinlə əlaqədar qusuntu kütlələri «qəhvə çöküntüsünü» xatırladır.
Qanaxma intensiv olduqda mədə qanla tez dolur, hemoqlobin oksidləşməyə vaxt tapmır. Belə insanlarda qusuntu kütlələrində külli miqdarda al qana rast gəlinir. Mədədən onikibarmaq bağırsağa keçən qan həzm traktından keçərək, nəcisi qara rəngə boyayır.
Həddindən çox qan itirildikdə huş pozulur, hətta koma və ya hemorragik şok qeydə alınır. Bu zaman həkimə müraciət edilməzsə, ölüm baş verir.

Mədə qanaxması necə aşkara çıxarılır?
Pasiyentdə qanaxmaya səbəb ola biləcək xəstəliklər və üstəlik də, halsızlıq, dəri örtüklərinin avazıması varsa, qastroenteroloq mədə qanaxmasından şübhələnir. Ümumiyyətlə, mədədə yaranan patologiyaların ən dəqiq diaqnostika üsulu qastroskopiya sayılır. Onun köməyilə qida borusu, mədə və onikibarmaq bağırsaq yoxlanılır, eroziya, polip, xora və selikli qişanın cırılması (Mellori-Veys sindromunda) aşkara çıxarılır. Ehtiyac yarandıqda laborator analizlər (qan, nəcis) və qarın boşluğu orqanlarının USM təyin olunur.

Mədə qanaxması necə müalicə olunur?
Xəstənin halını pisləşdirməyən orta intensivlikli qanaxmalar ambulator şəraitdə və ya qastroenteroloji şöbədə müalicə edilir. Qanaxmanı konservativ yolla dayandırmaq üçün hemostatik vasitələr, posthemorragik anemiyanın korreksiyası məqsədilə dəmir preparatları tətbiq edilir.
Kəskin, gur qanaxma hallarında mütləq xəstə hospitalizasiya edilməlidir. Pasiyent şöbəyə daxil olarkən ona tam sakit vəziyyət verilir, itirilmiş qanın həcmi kolloid, kristalloid məhlullarla, qan preparatları (eritrositar kütlə, təzə dondurulnuş plazma) ilə bərpa edilir. Mədə nahiyəsinə buz kisəsi qoyulur.
Xəstənin vəziyyəti nisbi stabilləşdikdə qastroduedonoskopiya əsnasında qan damarları liqaturaya alınır və ya kliplənir. Əgər qanaxma xora mənşəlidirsə, onu dayandırmaq gərəkdir. Bəzən isə mədənin rezeksiyası (orqanın ⅔ hissəsinin xaric edilməsi, mədə ilə bağırsaq arasında anastomoz qoyulması) göstərişdir.
Cərrahi müdaxilədən sonra qanaxmanın təkrarlanma riskini minimuma endirmək məqsədilə antisekretor və simptomatik terapiya təyin olunur.

Mədə qanaxması zamanı nə etməli?
Qanaxma hallarında düzgün ilkin yardım çox əhəmiyyətlidir:
- İlk növbədə təcili yardıma zəng edin.
- Sonra xəstəni arxası üstə düz yerdə uzadın. Huş gedibsə, qusuntu kütlələrinin tənəffüs yoluna düşməməsinə çalışın.
- Mədənin proyeksiyasına buz qoyun. 20 dəqiqədən sonra buzu götürüb, biraz fasilə verin.
- Xəstə su istədikdə ona qətiyyən qulaq asmayın. Su əvəzinə buz sormaq məsləhətdir. Çünki bu halda soyuğun təsirindən damarlarda spazm yaranır, qanaxma azalır.
- Özünüzdən dərman verməyin. Həkim yardımını gözləyin.

Xülasə
Mədə qanaxması ilə rastlaşmamaq üçün profilaktik müayinələrdən keçmək tövsiyə edilir. Xora xəstəliyindən əziyyət çəkən insanlar qastroenteroloqun nəzarəti altında olmalıdır.

