Qarında köp

Qarında köp sağlam adamlarda yarana və ya əksinə, müəyyən bir xəstəliyin əlaməti sayıla bilər. Bir çox insanlar buna laqeyd yanaşdığından gələcəkdə ciddi fəsadlar törənir. Mütəxəssislər ilkin mərhələlərdə köpün səbəbini aşkara çıxarmağı və onunla mübarizə aparmağı məsləhət görürlər.
Qarında köp niyə yaranır?
Bağırsaqda qazların əmələ gəlməsi normal fizioloji prosesdir. Havanın bir hissəsi qida ilə udulur, əksəriyyəti isə qidanın mənimsənilmə prosesində formalaşır, bağırsaq mikroflorası tərəfindən ifraz olunur.
Normada insan orqanizmində gün ərzində orta hesabla 600 ml qaz yaranır və xaric edilir. Meteorizm (həddindən artıq qaz yığılması) zamanı qazın həcmi 3-4 litrə çatır, nəticədə qarın köpür. Qazlar bağırsağın daxilində yerləşərək, köpük əmələ gətirir.

Qarında köp yaradan amillər
Meteorizm qidalanma rejiminin pozulması, eləcə də hava udulması ilə bağlı ola bilər. Yemək zamanı söhbət etmək, ayaqüstü qidalanma, saqqız çeynəmək, keyfiyyətsiz diş protezləri havanın udulmasına səbəb olur. Qazların normadan artıq yaranması həm də aşağıdakı xəstəliklərin təzahürü hesab olunur:
- Qastrit;
- Enterit (nazik bağırsağın iltihabı);
- Kolit (yoğun bağırsağın iltihabı);
- Xolesistit (öd kisəsinin iltihabı);
- Xroniki pankreatit (mədəaltı vəzinin iltihabı);
- Qurd invaziyaları;
- Bağırsaq şişləri;
- Qıcıqlanmış bağırsaq sindromu
- Bağırsaq infeksiyaları (salmonelyoz, dizenteriya və s.).
Qadınlarda əlavə olaraq, predmenstrual sindrom, mioma, uşaqlıq borusunun iltihabı fonunda qarın şişir.

Qarında köp törədən məhsullar
- Qazlı içkilər, kvas, pivə;
- Paxlalı bitkilər – lobya, noxud, mərci;
- Süd məhsulları;
- Bəzi tərəvəzlər – kələm, turp, soğan;
- Dənli bitkilər – qarğıdalı, kəpək;
- Mayalı xəmirdən hazırlanan məmulatlar – bulka, pizza və s.
Qarında köp necə aradan qaldırılır?
Köp qidalanma rasionunun pozulması səbəbindən baş verdikdə, müalicənin əsasını pəhriz təşkil etməlidir. Bunun üçün qaz əmələ gətirən məhsullardan imtina olunmalı, yeyərkən söhbət edilməməlidir.

Qarında köp əleyhinə dərmanlar
Köp mədə-bağırsaq xəstəliklərinin əlaməti olduqda, müalicə kompleks şəklində aparılmalıdır. Burada əsas məqsəd köpü törədən amilin aradan qaldırılmasından ibarətdir. Qastroenteroloq xəstəni müayinə etdikdən sonra köpə qarşı aşağıdakı dərmanları tövsiyə edir:
- Enterosorbent – Smekta, Neosmektin, Enterosgel, aktivləşdirilmiş kömür. Bu preparatlar köpə səbəb olan toksinləri orqanizmdən xaric edir;
- Qazqovucu – simetikon (Espumizan). Simetikon qaz qabarcıqlarının yaranmasını zəiflədərək, köpü azaldır;
- Mədə şirəsi fermentləri – karbohidrat və zülalların mənimsənilməsini asanlaşdırır.
Ağır hallarda, yəni cərrahi müdaxilə tələb edən xəstəliklər aşkarlandıqda əməliyyat icra olunur. Başlıca səbəb yox edildikdə, köp də keçib gedir.

Qarında köp zamanı pəhriz
Müalicənin effektivliyini artırmaq və gələcəkdə köpün yaranmasının qarşısını almaq üçün pasiyentlərə pəhriz məsləhət görülür:
- Gün ərzində 5-6 dəfə kiçik porsiyalarla qidalanmaq;
- Qida qəbulu arasında 3 saatdan çox fasilə verməmək;
- Suda qaynadılmış, buxarda hazırlanmış yeməklərə, süd məhsulları və sıyıqlara üstünlük vermək;
- Rasiondan yağlı, qızardılmış, acı ədviyyatlı xörəkləri çıxarmaq;
- Sutkada ən azı 1,5-2 litr maye qəbul etmək.
Bu qaydalara riayət etməklə, vəziyyətinizi yüngülləşdirə bilərsiniz. Unutmayın ki, qarında köp varsa, heç bir halda özbaşına dərman qəbul etmək, türkəçarə üsullarına baş vurmaq olmaz. Müalicə mütləq peşəkar həkim tərəfindən aparılmalıdır.

