Qarın ağrısı

15 Mart 2020 Kateqoriya: Bağırsaq xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 82
Qarın ağrısı foto 2
5/5 - (5 votes)

Qarın ağrısı – baş və diş ağrıları kimi geniş yayılmışdır. Bu əlamət çox zaman sağlamlıqla bağlı ciddi problemdən xəbər verir. Onun səbəbləri ilə tanış olun.

Appendisitə işarə edən qarın ağrısı 

Qarnın aşağısında, göbək nahiyəsində sönməyən ağrılar və ya qarnın yuxarı hissəsindən göbəyə yayılan sızıltılar adətən kəskin appendisit zamanı meydana çıxır. Ağrının qəfil zəifləməsi bağırsağın partlamasına dəlalət edir. Belə vəziyyətlərdə təcili tibbi yardım tələb olunur.  

Kəskin pankreatitə şübhə doğuran qarın ağrısı

Qarnın yuxarısında əmələ gələrək, kürək, çiyin nahiyəsinə yayılan güclü ağrılar mədəaltı vəzin iltihabında (pankreatit) müşahidə edilir. Bır sıra xəstələrdə kəmərləyici ağrılarla yanaşı, ürəkbulanma, qusma, ağızda quruluq və ya xoşagəlməz dad yaranır. Bu halda da tibbi yardımı gecikdirmək olmaz.

Qarın ağrısı foto 1

Kəskin qastrit zamanı qarında ağrı 

Qida qəbulundan sonra qarında ağırlıq, göbəkdən yuxarıda ağrı, ürəkbulanma, gəyirmə mədədə qastritlə bağlıdır. Belə xəstələr qastroenteroloqun müayinəsindən keçməlidir.

Bağırsaq sancısı qismində qarın ağrısı 

Göbək nahiyəsində sancı, ümumi halsızlıq, titrətmə bağırsaq sancısının əlamətidir. Bu problemi aradan qaldırmaq üçün spazmolitik içilməli və yataq rejiminə əməl edilməlidir. Həmçinin gündəlik rasiondan yağlı, duzlu, acı xörəkləri, şirniyyat və şorabaları çıxarmaq məsləhət görülür.  

Böyrək mənşəli qarın ağrısı

Yüksək qızdırma, qarın və bel nahiyəsində şiddətli ağrı böyrəyin iltihabı ilə əlaqəlidir. Bu zaman mütləq həkimlə əlaqə saxlanılmalıdır.  

Qarın ağrısı foto 3

Böyrək daşı zamanı qarında ağrı 

Qarın, bel və aralıq nahiyəsində kəskin ağrı, sidik ifrazının tezləşməsi böyrək daşı təpəndikdə baş verir. Xəstələrə spazmolitik və isti vanna qəbulu tövsiyə edilir. Sidiyə getdikdə qan aşkarlasanız, dərhal həkimə müraciət edin.  

Mədə və onikibarmaq bağırsaq xəstəliklərində qarın ağrısı

Mədə-bağırsaq problemlərində qida qəbulundan sonra göbək hissədə və epiqastral nahiyədə (qarnın yuxarısında) ağrı, qarında köp, gəyirmə yaranır. Bu əlamətlərlə qastroenteroloq məşğul olur.

Xora xəstəliyində qarın ağrısı

Mədə-bağırsaq xorası üçün ağrı, qıcqırma, ağızda turş dad, dilin ağ ərplə örtülməsi, köp xarakterikdir. Ağrı insan ac olduqda yaranır, yedikdə isə keçib gedir. Xorası olan xəstələr mədə həkiminin nəzarəti altında olmalıdır.  

Qarın ağrısı foto 4

Öd kisəsinin iltihabında qarın ağrısı 

Sağ qabırğaaltı və ya göbəkdən yuxarıda müntəzəm qaydada formalaşan güclü ağrı, ürəkbulanma, qusma, ağızda acılıq və quruluq, gəyirmə öd kisəsinin iltihabının (xolesistit) təzahürləridir. Ağrının xarakterik cəhəti kürəyə yayılmasıdır. Belə hallarda ödqovucu vasitələr köməyə gəlir.  

Nevroz və ya stress vəziyyətlərində qarın ağrısı

Qarında dolanan, sızıltılı ağrılar, ürəkbulanma, halsızlıq və ya əksinə, hiperaktivlik sinir sistemi ilə bağlı ola bilər. Problemi həll etmək üçün sakitləşdirici preparatlar qəbul olunmalı, kofein tərkibli məhsullardan (qəhvə, tünd çay və s.) imtina edilməlidir.  

Xülasə

Böyüklərlə yanaşı uşaqlarda qarın ağrısına da tez-tez təsadüf olunur. Gördüyünüz kimi qarın ağrısının səbəbləri müxtəlif olduğundan ev şəraitində kor-koranə müalicə etmək əvəzinə, həkimlə məsləhətləşmək vacibdir. Belə vəziyyətlərdə kolonoskopiya və ya qarın boşluğu orqanlarının ultrasəs müayinəsi aparılır. Nəticələrə əsasən müvafiq müalicə təyin edilir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (5 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir