Öd xəstəliyinin əlamətləri

Normada öd yağların və vitaminlərin parçalanmasında iştirak edir, qidanın bağırsaq boyunca hərəkətini aktivləşdirir. Öd kisəsi xəstəliklərində bu proses pozulur, sağ qabırğaaltında ağrı, qaşınma, sarılıq, ağızda acılıq yaranır.
Öd xəstəliyinin əlamətləri onu törədən səbəbdən asılı olaraq, müxtəlif formada təzahür edir. Gəlin hər bir xəstəliyin xarakterik simptomları ilə tanış olaq.
Öd daşı xəstəliyinin əlamətləri
Öd daşı xəstəliyi – öd kisəsi və ya axarlarda daşların əmələ gəlməsi nəticəsində yaranır. Bu daşlar xolesterin və kalsium duzlarından formalaşır. Xəstəliyin risk amillərinə irsi meylllik, piylənmə, yüksək kalorili qidalar, şəkərli diabet aiddir. Qadınlarda daşlara daha çox rast gəlinir. Hamiləlik dövrü daşların əmələ gəlməsinə təkan verir.
Öd daşı xəstəliyinin tipik əlamətləri sancışəkilli ağrılardır. Ağrıya daşın kisədən çıxaraq, axara düşməsi səbəb olur. Bu zaman sağ qabırğaaltında şiddətli ağrı baş verir. Ağrı sağ qol və kürəyə yayılır.
Xəstələrdə həmçinin ürəkbulanma və qusma müşahidə edilir. Çox vaxt prosesə kisənin iltihabı da qoşulur. Belə vəziyyətlərdə bədən hərarəti yüksəlir. Daş axarı tutduqda sidik tündləşir, nəcis isə rəngsizləşir.

Öd daşı xəstəliyinin diaqnostika və müalicəsi
Daşın diaqnostikasında ən dəqiq metod ultrasəs müayinəsidir. Hazırda öd daşı xəstəliyinin əsas müalicə üsulu cərrahi yolla kisəsinin xaric olunmasından ibarətdir.
Bəzən ultrasəs dalğaları ilə daşın parçalanması tətbiq edilir. Daşların kimyəvi yolla əridilməsi üçün öd turşusu preparatlarından (Urosan, Ursofalk, Ursodiol, Xenoxol, Xenofalk və s.) istifadə olunur. Dərman müalicəsi hər kəsə uyğun deyil. Bunun üçün daşın ölçüsü 20 mm-dən kiçik olmalı, axarların keçiriciliyi pozulmamalıdır. 6-12 ay ərzində müalicə heç bir effekt vermədikdə, yəni daşın ölçüsü kiçilmədikdə dərman qəbulunu dayandırmaq məsləhətdir.

Öd yollarının diskineziyası xəstəliyinin əlamətləri
Öd yollarının diskineziyası (hərəkətin pozulması) – funksional xəstəlikdir. Yəni bu zaman öd kisəsi və axarların quruluşunda heç bir dəyişiklik baş vermir, sadəcə hərəki funksiya pozulur. Kisə həddindən artıq və ya əksinə, normadan az yığılır, axarların açılma və bağlanması arasında uzlaşma olmur.
Diskineziyanın başlıca səbəbi stressdir. Bu öd xəstəliyinin əlamətləri yerli və ümumi olmaqla 2 qrupa bölünür. Yerli təzahürlərə sağ qabırğaaltında yaranan ağrı aiddir. Ağrı küt, sızıltılı xarakterli olub, bir neçə saat və ya günlərlə davam edə bilir. Bir sıra insanlarda isə qısamüddətli, tutmaşəkilli şiddətli ağrılar müşahidə olunur. Sarılıq və qızdırma olmur.
Diskineziyanın ümumi əlamətləri sırasına yuxu və iştah pozğunluğu, daimi yorğunluq, əhval-ruhiyyənin aşağı olması daxildir.

Öd yollarının diskineziyası xəstəliyinin diaqnostika və müalicəsi
Belə vəziyyətlərdə qastroenteroloqa müraciət olunmalı, zəruri müayinələrdən keçilməlidir. Kisənin tonusu az olduqda, “yaşıl pəhriz” – bol meyvə, tərəvəz, eləcə də sıyıq, bitki yağı qatılmış salatlar təyin edilir. Pasiyentlərə gündə 5-6 dəfə yemək tövsiyə olunur. Çünki hər qida qəbulu öd ifrazını stimulə edir. Həmçinin müvafiq preparatlar məsləhət görülür.
Kisənin tonusu yuxarı olduqda isə əsasən bitki tərkibli ödqovuculardan istifadə edilir. Bir çox dərman bitkiləri – solmazçiçəyi, gicitkan, qarğıdalı saçaqları, gülümbahar və s. ödqovucu təsirə malikdir. Öd xəstəliyinin əlamətləri ilə üzləşdikdə onlardan 1 xörək qaşığı götürüb, 1 stəkan suda dəmləyin. 12 saat saxladıqdan sonra süzüb, gündə 2 dəfə yeməkdən əvvəl ½ stəkan qəbul edin.
Ödqovucu vasitələrə həm də mineral sular (məsələn, “Yessentuki” № 4 və 17) aiddir. Bu tip suları isidib, iri qurtumlarla gündə 2 dəfə yeməkdən 20-30 dəqiqə qabaq içmək faydalıdır. Müalicə kursu 1 aydır.

Xroniki xolesistit adlanan öd xəstəliyinin əlamətləri
Xroniki xolesistit – öd kisəsinin iltihabıdır. Onun əsas səbəbi bakterial infeksiyalar (bağırsaq çöpləri, stafilokokk, streptokokk, enterokokk) və qurd invaziyaları (lyamblioz) sayılır. Xəstələr sağ qabırğa altında ağrılardan şikayətlənirlər. Ağrı sağ çiyin və kürəyə yayılır. Çoxsaylı qusma insana heç bir rahatlıq gətirmir.
Diaqnoz ultrasəs müayinəsinin köməyilə qoyulur. Bu öd xəstəliyinin əlamətləri ilə qarşılaşan xəstələrə tərəvəz supları, yağsız ət, meyvə, süd məhsulları, kompot, kisel, bal, itburnu və qarağat dəmləməsi məsləhət görülür.
Xəstəliyin kəskinləşmə mərhələsində 7-10 gün müddətində antibiotiklər (klaritromisin, metasiklin, biseptol və s.) və ya antiparazitar vasitələr (aminoxinolin, metronidazol) təyin olunur.

O cümlədən ödqovucu bitkilərin dəmləmələri, mineral sular müsbət nəticələr verir. Mineral sular 25-30 gün ərzində ilıq halda gündə 3 dəfə yeməkdən əvvəl 200-250 ml içilməlidir. Öd kisəsində daş olan xəstələrin mineral sudan çəkinmələri məqsədəuyğundur.
Xülasə
Məqalədə Sizi öd xəstəliyinin xarakterik əlamətləri ilə tanış etdik. Ən yüngül saydığınız hallarda belə sağlamlığınıza diqqətlə yanaşıb, həkimə müraciət edin.

