Öd kisəsi xəstəliyinin əlamətləri

Öd kisəsinin əsas vəzifəsi ödü bağırsağa ötürməklə, həzm prosesini təmin etməkdən ibarətdir. Kisədə gedən patoloji proseslər və müxtəlif xəstəliklər nəinki həzmə, hətta bütün orqanizmə mənfi təsir göstərir. Bəzi patologiyalar vaxtında müalicə olunmadıqda ölümlə nəticələnə bilər. Belə hallara yol verməmək üçün öd kisəsi xəstəliyinin əlamətləri haqqında məlumatlı olmaq gərəkdir.
Öd kisəsi xəstəliyinin əlamətləri – xolelitiaz
Xolelitiaz, yəni öd daşı xəstəliyi öd kisəsi və ya öd axarlarında daşların yaranması ilə xarakterizə edilir. Onun başlıca səbəblərinə irsi meyllik, ödün xolesterinlə zəngin olması, durğunlaşması və infeksion proseslər aiddir.
Statistik məlumatlara əsasən xəstəliyə 40 yaşdan böyük, açıq rəngli dəri və saça malik, həmçinin hamiləlik keçirən, artıq çəkili qadınlar daha çox tutulur.
Öd daşı xəstəliyinin xarakterik əlamətləri aşağıdakılardır:
- yağlı qida qəbulundan və ya həddindən artıq yedikdən sonra sağ qabırğa altında ağrı;
- ağrının kürək və sağ qola yayılması;
- xəstəliyin kəskin formasında ürəkbulanma, qusma, titrətmə, hərarət.
Onu da qeyd edək ki, xolelitiaz uzun müddət gizli gedir. Yalnız daş axarı tutduqda əlamətlər müşahidə olunur. Kəskin sancı tutması təcili hospitalizasiya tələb edir.

Öd kisəsi xəstəliyinin əlamətləri – diskineziya
Öd kisəsi və axarların diskineziyası (yığılma qabiliyyətinin pozulması) yemək qəbulu arasında uzun fasilə olmaqla, qeyri-düzgün qidalanma, eləcə də sinir sisteminin yüklənməsi, stress fonunda inkişaf edir.
Diskineziya adlanan xəstəliyin əlamətləri bunlardır:
- sağ qabırğa altında sızıltılı və ya əksinə, kəskin ağrı, diskomfort, ağırlıq hissi;
- nəcis ifrazının gecikməsi ilə ishalın növbələnməsi.

Öd kisəsi xəstəliyinin – xolesistitin əlamətləri
Xolesistit – öd kisəsinin iltihabıdır. Xolesistitli pasieyntlərin 90%-də xəstəlik xolelitiaz (öd daşı) fonunda yaranır. Belə ki, daşlar kisəsinin selikli qişasını qıcıqlandırır, orqan daxilində təzyiqi yüksəldir, mikroorqanizmlərin keçməsini asanlaşdırır. Nəticədə iltihabi proseslər baş verir.
Kəskin xolesistitli insanların 10%-də daşsız formaya rast gəlinir. Belə hallarda kisəsinin iltihablaşmasında daşlar iştirak etmir. Xəstəliyin səbəbləri qismində bakteriyalar, parazitlər, öd axınının pozulması, mədə-bağırsaq traktının iltihabi xəstəlikləri qeyd edilir.
Xolesistitin əsas əlamətlərinə sağ qabırğa altında sızıltılı ağrı, dəri örtüklərinin qaşınması aiddir.

Öd kisəsi xəstəliyinin əlamətləri və diaqnostikası
Pasiyent qastroenteroloqa müraciət edərkən, həkim ilk növbədə anamnez (xəstəlik haqqında məlumat) toplayır. Qarın boşluğunu palpasiya (əllə müayinə) edir. Bundan sonra diaqnozun qoyulması üçün orqanın ultrasəs müayinəsi, qan analizi tələb olunur.
Öd kisəsi xəstəliyinin müalicəsi
Müalicənin əsasını pəhriz və dərman preparatları təşkil edir. Qidalanma rejiminə əməl olunmadıqda, dərman müalicəsi heç bir nəticə vermir. Öd kisəsi xəstəliklərində qida rasionu ilə bağlı aşağıdakılar məsləhət görülür:
- yağlı, qızardılmış, acı ədviyyatlı xörəklərdən, spirtli və qazlı içkilərdən imtina etmək;
- gün ərzində 4-6 dəfə kiçik porsiyalarla qidalanmaq;
- yulaf, düyü, manna sıyıqlarına, tərəvəz suplarına, buxarda bişirilmiş və ya suda qaynadılmış yağsız ət, toyuq, balıq növlərinə üstünlük vermək;
- tünd çay və qəhvəni kompot, bitki dəmləmələri ilə əvəz etmək;
- xörəklərə soyuq sıxımla əldə olunan zeytun, kətan yağları qatmaq.
Dərman müalicəsi isə xəstəliyin növündən asılı olaraq, müvafiq qaydada aparılır. Müayinənin nəticələrinə əsasən pasiyentlərə spazmolitiklər, antibiotiklər, fermentlər və ya daşları əridən dərmanlar təyin oluna bilər. Bəzi hallarda cərrahi əməliyyat qaçılmazdır.
Xülasə
Məqalədə Sizi öd kisəsi xəstəliyinin əlamətləri ilə tanış etdik. Sağ qabırğa altında narahatlıq hiss etdikdə, vaxt itirmədən həkimə müraciət edin.

