Öd daşı xəstəliyi

21 Mart 2020 Kateqoriya: Öd xəstəlikləri Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 1593
Öd daşı xəstəliyi foto 1
5/5 - (6 votes)

Öd daşı xəstəliyi – öd kisəsində və öd axarlarında konkrementləri (daşların) yaranması ilə xarakterizə olunur. Daşın yerləşməsindən asılı olaraq, xəstəliyin 3 forması ayırd edilir:

  • Xolesistolitiaz – daşlar öd kisəsində formalaşır;  
  • Xoledoxolitiaz – daş ümumi öd axarında olur;
  • Qaraciyərdaxili xolelitiaz – daşlar qaraciyərin daxilindəki öd axarlarında əmələ gəlir.  

Daşın formalaşmasının ilk mərhələsi ödün qatılaşmasıdır. Konkrementlər tərkibinə görə 2 qrupa bölünür: 

  • xolesterin tərkibli – onlar tədricən böyüyərək, iri ölçülərə çatır;
  • piqment daşları – bilirubindən təşkil olunaraq, qara və qəhvəyi rəngi ilə seçilir.  

Ölçüsünə görə daşlar 3 cür olur:  

  • iri – diametri 2 sm-dən böyük;  
  • orta – 1-2 sm;  
  • xırda – 1 sm-dən kiçik.

Öd daşı xəstəliyi foto 2

Öd daşı xəstəliyi hansı səbəblərdən yaranır?

Xəstəliyin başlıca səbəbi irsi meyllikdir. Bundan əlavə aşağıdakı faktorlar daşın formalaşma ehtimalını yüksəldir:  

  • Yaş amili. 40-69 yaşlı pasiyentlər arasında öd daşı xəstəliyi daha çox qeydə alınır;  
  • Qadın cinsi. Qadın cinsi hormonu sayılan estrogenlər ödü qatılaşdırmaqla, daşın əmələ gəlmə şansını artırır.  
  • Hamiləlik dövrü. Hormonal dəyişikliklər və böyüyən uşaqlığın öd yollarını sıxması ilə əlaqədar öd qatılaşa və daş yarana bilir.  
  • Piylənmə
  • Şəkərli diabet
  • Bədən çəkisinin kəskin azalması.

Qeyd edək ki, son illərdə öd daşı xəstəliyi xeyli «cavanlaşmışdır». Uşaqlar və yeniyetmələrdə daşın aşkarlanmasını alimlər qeyri-düzgün qidalanma və piylənmə ilə əlaqələndirirlər. 

Öd daşı xəstəliyi foto 3

Öd daşı xəstəliyi özünü necə büruzə verir?

Xəstəlik uzun müddət gizli gedə bilir. Yalnız öd yolları daşla tutulduqda və ya iltihab yarandıqda əlamətlər meydana çıxır. Öd xəstəliyinin əlamətləri arasında ən başlıcası ağrıdır. Onun fərqləndirici xüsusiyyətləri aşağıdakılardır:  

  • yağlı qida qəbulundan 1-1,5 saat sonra və ya həddindən çox yedikdə baş verir; 
  • qısa zaman ərzində güclənir;
  • deşici xarakterli olur;
  • 1 neçə dəqiqədən bir neçə saata kimi davam edir;  
  • sağ qabırğa altında, qarnın yuxarı hissəsində (mədə proyeksiyasında) yaranır, sağ qol, boyun və kürəyə yayılır;  
  • ağrı ürəkbulanma, qusma, qarında köp, nəcis ifrazına yalançı çağırışlar.

Həmçinin Danimarka alimlərinin fikrincə yuxuya getdikdən bir neçə saat sonra sağ qabırğa altında ağrının baş verməyi öd yollarının patologiyasına işarə edir. 

Öd daşı xəstəliyi foto 4

Öd daşı xəstəliyi hansı yolla aşkara çıxarılır?

Diaqnoz qastroenteroloq tərəfindən qoyulur. Həkim xəstənin şikayətlərini analiz etdikdən sonra müvafiq müayinələr təyin edir. Bura qan-sidik analizi, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi, öd axarlarının rentgenoqrafiyası, endoskopik retroqrad xolangioqrafiya və s. aiddir. Mürəkkəb vəziyyətlərdə KT və ya MRT-yə ehtiyac yaranır.   

Öd daşı xəstəliyi necə müalicə olunur? 

Müalicə sxemi klinik təzahürlərin dərəcəsindən asılıdır. Simptomsuz gedişdə yalnız dinamik müşahidə, qidalanma və həyat rejiminin qaydaya salınması kifayətdir. Əlamətlər müşahidə olunduqda isə konservativ (dərman preparatları) və ya cərrahi müalicə göstəriş sayılır. 

Həyat və qidalanma tərzi

Xəstələrə gündə 5-6 dəfə kiçik porsiyalarla qidalanmaq tövsiyə olunur. Rasiondan yağlı, qızardılmış xörəkləri, un məmulatları və şirniyyatı çıxarmaq lazımdır. Bundan əlavə yağsız ət, balıq növləri, yağlılıq dərəcəsi az olan süd məhsullarından istifadə etmək olar. Bədən çəkisini normada saxlamaq üçün mülayim fiziki aktivlik məsləhət görülür.  

Öd daşı xəstəliyi və onun dərmanla müalicəsi

Bura daşları əridən öd turşusu preparatları (Urosan, Ursofalk, Xenoxol, Xenofalk və s.) daxildir. Konservativ müalicə təkcə xolesterin tərkibli daşlara qarşı effektivdir. Piqment daşlarında bu tip müalicə qadağandır.  

Ağrı əleyhinə isə spazmolitiklər, analgetiklər təyin edilir.

Öd daşı xəstəliyi foto 5

Cərrahi müalicə  

Öd daşı xəstəliyi parlaq klinik simptomatika ilə getdikdə əksər hallarda xolesistektomiya (öd kisəsinin çıxarılması) məqsədəuyğundur. Əməliyyat açıq üsulla (laparotomiya) və ya qarın divarında 3 kiçik dəlikdən (laparoskopiya) icra olunur.  

Müasir dövrdə ikinci üsula üstünlük verilir. Laparoskopik xolesistektomiyanın üstünlükləri bunlardır:  

  • tez sağalma;
  • fəsadların baş vermə ehtimalının minimal olması;
  • minimal travma;
  • əməliyyatdan sonrakı dövrdə ağrı sindromunun az olması;
  • mükəmməl kosmetik nəticə.

Öd daşı xəstəliyi və onun profilaktikası

  • rasional qidalanma – az-az, lakin tez-tez qidalanmaq, tərəvəzlərə üstünlük vermək;
  • aktiv həyat tərzi sürmək;
  • maddələr mübadiləsi pozğunluqlarını vaxtında müalicə etmək.

Bu 3 sadə qaydaya əməl etməklə sağlamlığınızı qoruya bilərsiniz. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (6 votes)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir