Uşaqlarda qarın ağrısı

Uşaqlarda qarın ağrısı müxtəlif səbəblərdən yaranır. Ağrı qəbizlik və ya köplə bağlı olduğu kimi, həm də ciddi xəstəliyin (appendisit, qurğuşunla zəhərlənmə və s.) əlaməti sayıla bilər.
Qəbizliklə bağlı qarın ağrısı
Müasir ailələrdə əksər uşaqların qida rasionunda təzə meyvə-tərəvəzlər, taxıl məhsulları azlıq təşkil edir. Bu isə gərgin iş həyatı keçirən valideynlərin övladlarının qidalanma tərzinə tam şəkildə nəzarət edə bilməməsi ilə bağlıdır. Nəticədə uşaqlarda qəbizlik formalaşır, qarın ağrısı meydana çıxır.
Sidik yollarının infeksiyası fonunda uşaqlarda qarın ağrısı
Sidik sisteminin infeksion xəstəliklərində uşaq sidik ifraz edərkən ağrı və göynəmədən şikayətlənir. Eləcə də qarında ağrı hiss edir.

Uşaqlarda appendisit zamanı qarın ağrısı
Soxulcanabənzər çıxıntının iltihabı uşaqlarda qarın ağrısı törədən əsas səbəblərdən sayılır. Appendisit zamanı təxirəsalınmaz tibbi yardım tələb olunur. Belə ki, iltihablaşmış çıxıntı partladıqda, onun mövtəviyyatı qarın boşluğuna tökülür və nəticədə periotnit baş verir. Bu isə həyat üçün təhlükəli hal sayılır.
Südə qarşı allergiyası olan uşaqlarda qarın ağrısı
Övladınızda südün tərkibindəki zülala qarşı allergiya varsa, qarında ağrı ilə yanaşı qusma və ishal müşahidə olunur.
Qurğuşunla zəhərlənən uşaqlarda qarın ağrısı
Azyaşlılar qarşılarına çıxan əksər əşyaları ağızlarına salmağa meylli olur. Bir çox oyuncaqlar qurğuşun tərkibli boya ilə rəngləndiyindən zəhərlənmə ehtimalı yüksəlir. İştahsızlıq, əzginlik, qıcolma, qəbizlik və qıcıqlanma ilə müşayiət olunan qarın ağrısı qurğuşunla zəhərlənməyə işarə edir.

Stress keçirən uşaqlarda qarın ağrısı
Böyüklər kimi uşaqlar da stressə məruz qalır. Ağrı heç bir fizioloji səbəb olmadan əmələ gəlir. Ağrı ilə yanaşı halsızlıq, öskürək, ishal və qızdırma ola bilər.
Əgər hiss etsəniz ki, övladınız özünü həddindən artıq sakit aparır, hisslərini gizlədir, o zaman onunla səmimi söhbət edin. Səbəbi öyrənməyə çalışın. Çünki qarında ağrını törədən məhz odur.
Qarında sancı
Körpələrdə qarında köp ağrı verir. Sancı ilə əlaqədar uşaqlarda narahatlıq yaranır, yuxu pozulur. Sancının səbəblərinə həzm fermentlərinin çatışmazlığı, bağırsaq mikroflorasının pozulması, qidalanma rejiminə əməl olunmaması, süd verən ananın qəbul etdiyi məhsullara fikir verməməsi aiddir.
Məsələn, rasionda qaz əmələ gətirən tərəvəz və meyvələrin (armud, pomidor, xiyar, kələm), həmçinin süd məhsullarının normadan artıq olması uşaqların qarnında diskomfortu artırır. Belə hallara yol verməmək üçün ananın rasionundan yağlı, qızardılmış, acı ədviyyatlı qidalar xaric edilməlidir. Gün ərzində 2,5-3 litrə qədər su qəbul etmək məsləhət görülür.
Ana südü içməyən uşaqlarda ağrı, gəyirmə, çəki azlığı süni qidanın düzgün seçilməməsi ilə bağlıdır. Bu zaman pediatr həzm prosesini yaxşılaşdıran, eləcə də pre- və probiotiklərlə zəngin xüsusi yeməklər tövsiyə edir. Vəziyyət düzəlmədikdə xəstə uşaq qastroenteroloquna yönəldilir.

Qarında ağrı olduqda diaqnozun qoyulması
Həkim ilk növbədə uşağa baxış keçirir. Ehtiyac olduqda qan və sidik analizi, qarın boşluğunun ultrasəs müayinəsi, KT təyin edilir. Müayinənin nəticələri əsasında uyğun müalicə üsulu seçilir.
Uşaqlarda qarın ağrısı necə aradan qaldırılır?
Ağrıya səbəb olan xəstəlik uşağın sağlamlığı üçün təhlükə törətmədikdə müalicə evdə aparılır. Ağır vəziyyətlərdə isə ambulator müalicə, hətta cərrahi müdaxilə tələb olunur.
Ev şəraitində uşaq yataq rejiminə keçirilməli, orqanizmin susuzlaşmasının qarşısını almaq məqsədilə bol maye qəbul edilməlidir. Həmçinin pəhriz saxlanılmalı, sərt qidalardan imtina olunmalıdır. Uşağa yalnız həkimin məsləhət gördüyü dərmanları vermək, xalq təbabəti üsullarına (məsələn, dərman bitkilərinin nəzarətsiz qəbuluna) uymamaq tövsiyə edilir.

