Kolonoskopiya

Kolonoskopiya – endoskop vasitəsilə düz və yoğun bağırsağın müayinə metodudur. Bu üsul təhlükəsizliyi və yüksək informativliyi ilə seçilir. Kolonoskopiya bağırsağın selikli qişasının vəziyyətini onun bütün uzunluğu boyunca (təxminən 2m) qiymətləndirməyə imkan verir.
Kimlərə kolonoskopiya məsləhət görülür?
Diaqnostika məqsədlə:
- yoğun bağırsağın iltihabi xəstəliklərində (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi), divertikulyoz;
- digər müayinə üsullarında yoğun bağırsaqda polip aşkarlandıqda;
- yoğun bağırsaq xəstəliklərinə xas əlamətlərə (xroniki qəbizlik, ishal, qarın ağrısı, nəcisdə selik və qan) rast gəlindikdə;
- nəcisin gizli qana görə analizi müsbət olduqda.

Müalicəvi məqsədilə:
- yoğun bağırsaq poliplərinin xaric edilməsi;
- yoğun bağırsağın şiş xəstəliklərində endoprotezlənmə (stentlənmə).
Düz və yoğun bağırsaq xərçənginin skrininq (profilaktik müayinə) proqramının bir hissəsi kimi:
- ilk dəfə — 50 yaşdan yuxarı pasiyentlərdə. Hətta onların heç bir şikayəti olmasa belə, kolonoskopiyanın aparılması məsləhətdir;
- risk amilləri olduqda həkimin tövsiyəsi ilə;
- ailə üzvlərində yoğun və ya düz bağırsaq xərçəngi olan pasiyentlər. Müayinənin təkrarlanma tezliyi həkim tərəfindən müəyyənləşdirilir;
- əvvəllər yoğun bağırsağında polipi olan xəstələr.

Kolonoskopiya hansı üstünlüklərə malikdir?
- digər müayinə üsulları (rentgenoqrafiya, KT-kolonoqrafiya və s.) ilə müqayisədə yoğun və düz bağırsaq polipinin, eləcə də şiş xəstəliklərinin maksimal dərəcədə informativ müayinəsidir;
- ehtiyac yarandıqda müayinə əsnasında polipləri endoskopik yolla kəsib götürmək mümkündür. Bu isə bağırsaq xərçənginin profilaktikasının mühüm anıdır.
Kolonoskopiya üsuluna necə hazırlaşmaq lazımdır?
Müayinənin keyfiyyətli olmasının əsas şərtlərindən biri bağırsağın tam təmizlənməsidir. Bu səbəbdən pasiyent kolonoskopiya prosesinə əvvəlcədən hazırlaşmalıdır.
Prosedurdan 3 gün əvvəl bağırsaqda qıcqırma törədən və peristaltikanı (yığılmanı) gücləndirən qidaları – qoz, günəbaxan tumu, çiy meyvə-tərəvəzlər, meyvə quruları və s.) məhdudlaşdırmaq məqsədəuyğundur.
Müayinədən 1 gün qabaq həkimin təyin etdiyi preparatla bağırsaq tamamən təmizlənilir. Dərmanın növü, dozası və qida rejimində dəyişikliklər barədə bağırsaq həkimi əvvəlcədən pasiyentə xəbər verir.

Kolonoskopiya necə aparılır?
Xəstə sol böyrü üstə uzanır və dizlərini bükür. Həkim anal dəlikdən kolonoskopu daxil edir. Bağırsağın mənfəzini genişləndirmək üçün hava verilir. Böyüdülmüş təsvir monitorda əks olunur.
Endoskopu tədricən yeritməklə həkim düz və yoğun bağırsağın bütün şöbələrinin daxili səthini müayinə edir. Polipə rast gəlindikdə törəmə kəsilir. Kolonoskopiya prosesində bunu etmək mümkün olmadıqda toxuma nümunəsi götürülərək, növbəti mərhələdə mikroskop altında yoxlanılır.
Kolonoskopiya zamanı bağırsağın hava ilə doldurulması səbəbindən pasiyent diskomfort hiss edə bilər. Həmçinin kolonoskop bağırsaq əyriliklərini keçdikdə müəyyən dərəcədə ağrı meydana çıxır. Ağrının intensivliyi pasiyentin anatomik xüsusiyyətlərindən və bağırsaqda gedən patoloji dəyişikliklərdən asılıdır.
Bu məqamları nəzərə alaraq, xəstənin istəyi ilə kolonoskopiya narkozla (venadaxili anesteziya) aparıla bilər. Prosedur başa çatdıqda pasiyent ayılır, 2-3 saatdan sonra isə əvvəlki həyat tərzinə qayıdır.

Kolonoskopiya qiyməti
Bakıda fəaliyyət göstərən tibb müəssisələrində kolonoskopiya üsulunun qiyməti orta hesabla 80-150 AZN arasında dəyişir. Anesteziya ilə olduqda isə bu məbləğə 50 AZN əlavə olunur.

